Hər il dekabr ayının 25-də “Borçalı” Cəmiyyəti Gürcüstan Türklərinin Həmrəylik Bayramını təntənəli şəkildə qeyd edir. Artıq ənənə halını almış bu bayram tədbiri hər il olduğu kimi bu dəfə də böyük ehtişamla baş tutdu. Azərbaycan jurnalistikasının mogikanı, professor Şirməmməd Hüseynovun, professor Telman Əliyevin, xalq artisti Flora Kərimovanın, millət vəkili Qənirə Paşayevanın, Türkiyədən gəlmiş qonaqlar – “Kars Sərhəd Boyları Dərnəyi”nin başkanı Meherrem Yıldızın, “Tərəkəmə-Karapapak Türkleri” kültür ve sanat derneyinin başkanı Engin Aybirdinin, Gürcüstanın, eləcə də respublikamızın sayılıb-seçilən ziyalılarının iştirak etdiyi həmrəylik tədbiri xoş anlarla yadda qaldı.
Mərasim Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin aparıcıları Elbəyi Cəlaloğlu və Güllü Seyidli Gürcüstan Türklərinin Həmrəylik Günü tədbirinin mahiyyətindən bəhs etdilər. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Azərbaycan, Gürcüstan və Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişafı naminə Cəmiyyətin gördüyü işlərdən danışdı. Natiq onu da qeyd etdi ki, Gürcüstan rəhbərliyinin “Borçalı” Cəmiyyətinin sədrinə qarşı tətbiq etdiyi qadağa siyasəti təkcə Zəlimxan Məmmədliyə deyil, bütün Borçalı və Azərbaycan türklərinə qarşı sayğısızlıqdır və bu qadağa tezliklə aradan qaldırılmalıdır. “Biz buna ümid edirik və Gürcüstan tərəfinin məsələyə obyektiv yanaşması labüddür.”
Sonra Akademik Zahid Xəlilov adına “Türklüyə xidmət” mükafatının təqdimatına başlanıldı. Həmin mükafata professor Telman Əliyev, millət vəkili Qənirə Paşayeva, xalq artisti Flora Kərimova, dünya şöhrətli ozan Araz Elsəs və Gürcüstanın əski millət vəkili Ramiz Bəkirov layiq görüldülər.
Professor Şirməmməd Hüseynov mükafatı Telman Əliyevə təqdim edərək, ona və Borçalı türklərinə dəyərli fəaliyyətlərində uğurlar arzuladı. Millət vəkili Qənirə Paşayeva da yüksək mükafata layiq görüldüyü üçün “Borçalı” Cəmiyyətinin sədrinə və təşkilat üzvlərinə minnətdarlığını bildirdi. Zəlimxan Məmmədliyə qarşı Gürcüstan hakimiyyət orqanlarının haqsız qərarına etirazını ifadə edən millət vəkili, tədbir iştirakçılarını bu qadağanın ləğvinə bütün qüvvəsiylə səy göstərəcəyinə əmin etdi. Xalq artisti Flora Kərimova Zəlimxan bəyi “dəyərli ictimai xadim”, “görkəmli Türk ziyalısı” adlandıraraq, çıxışını öz bənzərsiz ifaları ilə sona yetirdi.
Növbəti mükafatın – “İlin Şərəf medalı”nın sahibləri də elan olundu: Yıldıray Aydemir (Türkiyə), İbrahim Burhanov (Axıska türkü), Murad Sarıyev, Anar Rafiqoğlu, Məhəmməd Mustafayev, “Kanal 13” TV-nin yaradıcı kollektivi, “Şuşa-Elat” muğam üçlüyü, Neli Məmmədova, Savalan Osmanoğlu, Akif Qaralov, Vaqif Aydınoğlu, Mirzə Maşov.
Bayram gecəsinin sürprizi “Şah İsmayıl Xətai Fondu”nun prezidenti Təvəkkül Səfəvinin Zəlimxan Məmmədlini, Məhərrəm Yılıdızı və Seyfullah Türksoyu qızıl əyarlı “Türk Dünyası Dostluq Ordeni” ilə təltif etməsi oldu.
Təqdimetmə mərasimi başa çatdıqdan sonra törən müğənni və aşıqların rəngarəng ifaları ilə davam etdirildi.

Qiymət MƏHƏRRƏMLİ,
AMEA, Folklor İnstitutu və AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçi,
Filologiya üzrə fəlsəfə doktoru
Bakı-İstanbul-Bakı.