Rafet-Alizade (2)

Allah hər cür zinətin Özü tərəfindən bir nemət olaraq yaradıldığını bildirir və xurafatçılara işarə edərək “bu zinətləri kim haram etmişdir?” deyə buyurur
Xurafatçıların İslamı gözdən salmaq, Müsəlmanları (haşa) pinti, çirkin, rəqsdən, incəsənətdən, elmdən, estetikadan anlamayan cahil insanlar kimi göstərmə strategiyalarına ən yaxşı cavablar Qurandan və Peyğəmbərimizin (sav) sünnətindəndir. Xurafatçılar xüsusilə qadınları hədəf alaraq onların gözəlliklərini mümkün olduğu qədər basdırmağa, onları çirkinləşdirib, öz dilləri ilə desək “qara it, donuz və eşşək”lə eyni səviyyəyə gətirməyə çalışırlar (qadınları tənzih edirik). Bu zaman xurafatçıların ən şiddətlə qarşı qoyduqları yönlərdən biri də qadınların estetik və gözəl görünmələridir. Saç rəngi, kirşan, dırnaq boyası və s. kimi ən sadə estetik vasitələri qəti şəkildə haram elan edən bu bəsit zehniyyətli adamlar öz kiçik ağıllarına əsasən, bununla Müsəlmanları xor və alçaq göstərə biləcəklərini zənn edirlər. Hərçənd ki, Quran və bir çox səhih hədislərə baxdığımız zaman kosmetik vasitələrin, gözəl geyimlərin, boyunbağı, bilərzik kimi bütün aksessuarların və digər estetik anlayışların da daxil olduğu “zinət”lərin tez-tez tövsiyə, hətta əmr edildiyini görərik:

“De ki: “Allahın qulları üçün çıxardığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De ki: “Bunlar dünya həyatında iman edənlər üçündür. Qiyamət günü isə sadəcə onlarındır” (Quran, 7:32)

Allah hər cür zinətin Özü tərəfindən bir nemət olaraq yaradıldığını bildirir və xurafatçılara işarə edərək “bu zinətləri kim haram etmişdir?” deyə buyurur. Bilindiyi kimi, xurafatçılar hər cür estetik və kosmetik vasitələrin haram olduğunu (bəzi saxta hədislər yoluyla) müdafiə edirlər. Lakin Allahın ayələrindən də bilindiyi kimi heç kəs Allahın halal etdiyini haram edə bilməz.

Allah digər bir ayəsində zinətlərdən istifadənin əhəmiyyətini vurğulayır və insanlara zinətlərini göstərmələrini buyurur:

“Ey Adəmoğulları, hər məscid yanında (Allahın zikr edildiyi hər yerdə) zinətlərinizi taxın…” (Quran, 7:31)

Xurafatçılar isə Allahın bütün bu əmrlərini gözardı edirlər. Quranı ən gözəl şəkildə tətbiq etmiş olan peyğəmbərimiz Hz. Muhəmmədin (sav) həyatına baxdığımız zaman isə, yenə xurafatçıların əksinə, estetikanın hökm sürdüyünü və o dövrdə də saç rəngi, kirşan, dırnaq boyası kimi kosmetikadan geniş şəkildə istifadə edildiyini görərik. Hz. Aişənin (ra) Peyğəmbərimizdən nəql etdiyi bir hədisdə bu mövzu açıq şəkildə belə vurğulanır:

“Qadını boyasız, bəzəksiz görməkdən xoşlanmaram” (Əbu-Razin)

Qurana baxdığımız zaman da gözəl boyaya diqqət çəkildiyini və bunun “Allahın boyası” olaraq tərif edildiyini görürük. Ətrafda gördüyümüz hər şeyi və hər kəsi Öz boyası ilə boyayan Allahdır:

“Allahın boyası… Kimdir Allahdan daha gözəl boyası olan?” (Quran, 2:138)

Kirşan, Dodaq Boyası və Göz Sürməsindən İstifadə

Bir çox hədis kitablarından rəvayət edildiyinə görə, Ümmü Həbibə yanaqlarına “həluk” adlı kirşan sürür (Belazuri, 1987:184-185). O dövrdə qırmızıya çalan ton vermək üçün istifadə edilən maddə həlukdur. Çəhrayı, sarı rəngdə bir maddədir. Hal-hazırda da həluk mövcuddur və satışda vardır.

Dodaqların boyanması üçün isə xınadan əldə edilən qırmızı tondan istifadə edilirdi. Bu dodaq boyası da 14 əsrdən bəridir Səudiyyə Ərəbistanında ənənəvi olaraq istifadə edilməkdədir.

Bu da məlum olan bir gerçəkdir ki, İslamın doğulduğu illərdə başda Peyğəmbərimiz olmaqla, Müsəlmanlar göz boyasından- ismit adlanan sürmə növündən (tərkibi xrom oksididir, hal-hazırda da işlədilir) də geniş surətdə istifadə edirdilər. Hətta rəvayətlərdə bildirildiyinə görə, Rəsulullah bir gözünə üç dəfə, digər gözünə də üç dəfə olmaq üzrə qələmlə qalın sürmə çəkərmiş və gözləri tünd qara rəngdən dolayı olduqca dolğun görünərmiş. Bu da cəmiyyətin ön-mühakimə ilə yanaşaraq törətmiş olduğu “qalın”, “tünd” və ya “ağır” makiyaj anlayışlarının heç də İslam əxlaqından uzaq və ya əxlaqına zidd olmadığını çox açıq surətdə ortaya qoyur. Rəvayətlərdən həmçinin qadınların və uşaqların da ismitdən istifadə etmiş olduqları görünür.

Dırnaq Boyalarından İstifadə

“Əlində Rəsulullah üçün məktub olan bir qadın pərdənin arxasından işarə etdi (əlini uzatdı). Rəsulullah əlini tutdu (məktubu almadan çəkdi) və “bu, kişi əlidirmi, yoxsa qadın əlidirmi, bilmirəm” buyurdu. Qadın: “qadın əlidir” dedi. Rəsulullah (sav) “əgər sən qadın olsaydın, dırnaqlarının (rəngini) xına ilə dəyişdirərdin” buyurdu” (Əbu-Davud, Hədis: 1992)

“Aişədən (ra) rəvayət edildiyinə görə, Hind Binti-Utbə: “Ya RəsulAllah, mənimlə beyət et” dedi. Rəsulullah (sav): “Əllərinin (rəngini) dəyişdirənə qədər səninlə beyət etməyəcəyəm…” buyurdu” (Əbu-Davud, Hədis: 4165)

Bütün bunlar Hz. Muhəmmədin (sav) qadınların baxımlı olmasına necə həssaslıqla yanaşdığını göstərir. Hədislər isə xurafatçıların özlərinin belə inkar edə bilməyəcəkləri səhihlikdəki “Əbu-Davud”dan götürülmüşdür.

Saç Rəngindən İstifadə

Peyğəmbərimizin (sav) dövründə hər növ- qızılı, qara, sarı, mavi, yaşıl rəngdə saç boyaları mövcud olmuşdur. O dövrdə bunlardan xalçalara, kilimlərə və paltarlara da rəng vermək üçün istifadə olunardı. Peyğəmbərimizin (sav) yaşlı vaxtlarında ağaran saçlarını ismitlə qara rəngə boyadığı bilinir, bundan əlavə, Rəsulullah öz qiyafəsini də sarı rənglə boyamışdır. Bu növ boyalar müasir dövrdə də istifadə edilir və daha çox “kök boya” adı ilə tanınır.

Kütubi-Sittədə saçların boyanması barədə “Hidab” adlı xüsusi bir bölüm vardır. Buradakı bəzi hədislər belədir:

“İbnu Abbas (ra) belə deyir: “(Saçlarına) xına yaxmış birisi gəlmişdir. Hz. Peyğəmbər (as): “Bu nə gözəldir!” buyurub təqdir etdi. (Az sonra) xına və kətəm ilə boyanmış birisi gəldi. “Bu, əvvəlkindən də gözəldir!” buyurdu. Sonra (saçlarını) sarıya boyamış birisi də gəlmişdi ki, “bu, digərlərindən də gözəldir!” buyurdu”. (Əbu-Davud, Tərəccül 19, (4211); İbnu Macə, Libas 34, (3627))

Süheybul-Xeyr radıyAllahu anh deyir: “Rəsulullah aleyhissalətu vəssəlam buyurdular ki: “(Ağaran saç və saqqallarınızı boyayarkən) işlətdiyiniz ən yaxşı boya, şübhəsiz, bu qara olandır. (Çünki qara rəng) qadınlarınızı sizə qarşı daha çox rəğbət etdirər, müxalifləriniz üçün də haqqınızda daha çox çəkinməyə vəsilədir”” (Ebu Davud, Libas 18, (4064), Tereccül 19, (4210); Nesai, Zinet 17, (8,140). Buhari, Libas 66, Menakıb 23; Müslim, Fedail 100-105, (2341); Ebu Davud, Tereccül 18, (4209); Nesai, Zinet 17, (8,140, 141))

Tabəraninin bir rəvayətində isə “Saçların rənginin dəyişdirilərək yadlara (əacim) müxalifət edilməsi” əmr edilir.

Buxari və Müslimdə Hz. Ənəsdən gələn bir rəvayətdə belə deyilir: “Hz. Əbu Bəkir və Hz. Ömər (ra) (saçlarını) xına və kətəm ilə boyayardılar”.

Əhməd ibnu Hənbəlin bir rəvayətində də Ənsardan yaşlanmış, saqqallarına ağ düşmüş bir ixtiyar qrupu ilə rastlaşdığı zaman Hz. Peyğəmbərin “Ey Ənsar camaatı, (saçlarınızı) qızılıya boyayın, sarıya boyayın və Əhli-Kitaba müxalifət edin” tövsiyəsini verir.

(Səhabə və Tabiinin) bir çoxu sarıya boyamağı uyğun görüblər. Hz. Əli, İbnu Ömər, Əbu Hureyrə və s. bunlardandır. Bir qismi xına və kətəm ilə, bir qismi zəfəran ilə, bir qismi də qara rəng ilə boyamışdırlar. Qara rəngi seçənlər arasında Hz. Osman, Hz. Həsən, Hz. Hüseyn, Ukbə İbnu Amir, İbnu Sirin, Əbu Bürdə və s. zikr edilir.

(son dörd hədisin mənbəyi: Kütubi-Sittə, İkinci Bab: Hidab, 2111-2112)

Aksessuar və Ətirdən İstifadə

Boyunbağı, qolbaq, sırğa və üzük kimi aksessuarlar tarix boyunca bütün Müsəlmanların geniş surətdə işlətmiş olduğu zinət əşyalarıdır. Allah Quranda Müsəlmanların aksessuarlardan istifadə etdiyinə diqqət çəkərək onlar üçün dənizlərdən “inci və mərcan” çıxardığını bir ayədə belə söyləyir:

“Bir-biriylə qovuşmaq üzrə iki dənizi axıtdı… İkisindən də inci və mərcan çıxır. Elə isə, Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?” (Quran, 55:19,22-23)

Digər bir ayəsində isə Allah bəzək əşyalarını “Onun bəxşişini axtarmaq və şükür etmək” üçün yaratdığını bildirir:

“Dənizi də sizin əmrinizə verən Odur, ondan təzə ət yeyirsiniz və geyiminizdə ondan bəzək əşyaları çıxarırsınız… (Bunlar) Onun fəzlindən axtarmağınız və şükür etməyiniz üçündür” (Quran, 16:14)

Hədislərə baxdığımız zaman da, Peyğəmbərimiz dövründə bunlardan istifadə edildiyi açıq şəkildə görünür:

“Urvə bin Abdullah bin Quşeyr Hz. Əlinin qızı Fatimənin yanına gəldiyi zaman onun hər qolunda bir cüt fildişi qolbaq, barmaqlarında üzük və boynunda muncuqlarla bəzədilmiş bir boyunbağı olduğunu görür və bunları soruşduğu zaman Fatimə: “Qadın kişiyə bənzəməz” deyərək bu cür zinətlərlə bəzənə biləcəyini ifadə edir” (İbni Sa’d, “Et- Tabakat”)

Ətir isə Allahın ən gözəl nemətlərindən olaraq bütün peyğəmbərlər tərəfindən işlədilmişdir. “Müşk” bu ətirlərdən ən məşhur olanıdır. Peyğəmbərimizdən (sav) nəql olunmuş ən bilinən hədislərdən biri isə budur:

“Mənə üç şey sevdirildi: Salihə qadın, gözəl ətir və gözümün nuru namaz”. (Nesâî, İşretu’n-Nisâ 1, (7, 61))

Hz. Aişənin də ihramda ikən ətir vurduğu nəql edilməkdədir. (İbni Sa’d, et- Tabakat)

Digər bir hədisdə isə Peyğəmbərimizin ətirdən istifadəsi bu şəkildə təsvir edilir:

“Rəsulullah Əfəndimiz Mədinə küçələrindən birindən keçdiyi zaman Onun müşk kimi ətri dərhal sezildiyi üçün, xalq o yoldan Həzrəti Peyğəmbərin (as) keçdiyini söylərdi. Bizlər Peyğəmbər Əfəndimizin (as) gəlişini, ətrinin gözəlliyindən anlardıq”. (Ibn Sa’d, Tabakat, I, 398-399; Mecme’uz-Zevâid, VIII, 282; el-Metâlib’ül-‘Aliye, IV, 25)

Nəticə

Buraya qədər təhlil etdiklərimizdən açıq-aşkar görünür ki, İslam dinində bəzənmək, gözəl görünmək, kosmetikadan istifadə etmək, estetikaya diqqət yetirmək tövsiyə, hətta əmr olunur. Xurafatçılar nə qədər cəhd etsələr belə, özlərinin uydurduqları dini İslama sirayət etdirə bilməyəcəklər. Onlar Allahın “Müzəyyin”, yəni “Bəzəyən” ismini unudaraq, İslamdan tamamilə fərqli bir din uydurmuş və özlərinin düzəltdikləri bu saxta dinə özləri də inanmışlardır. Müsəlmanlara düşən isə Qurana bağlanmaları və Quranda bildirildiyi kimi “sizin dininiz sizə, bizim dinimiz bizə” demələridir.

Rafət Əlizadə