Ramiq

Azərbaycan dini tolerantlıq mövzusunda, həqiqətən, nümunə göstəriləcək ölkələrin önündə gəlir
Azərbaycan dini tolerantlıq mövzusunda, həqiqətən, nümunə göstəriləcək ölkələrin önündə gəlir. Həm bu istiqamətdə aparılan dövlət siyasəti, həm də xalqımızın sevgi və hörmətə dayanan xüsusiyyətləri bu zəminin yaranmasında böyük rol oynamışdır. Azərbaycanda yaşayan müsəlmanlar əsrlərdir ki, dini fərqli məzhəb və təriqətlər şəklində yaşasa da, demək olar ki, hər zaman Allah`ın bütün müsəlmanlara əmri olan dostluq, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşamışlar. Allah bir ayədə möminlərin bir-biri ilə dost olmalarını bu şəkildə bildirir:

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)

Amma son dövrlər bundan narahat olan və bu tolerant şəraiti pozmaq istəyən qüvvələrin mövcudluğu hiss olunur. Son zamanlar fərqli məzhəb və təriqətlər arasında ədavət salacaq xəbərlərin mediaya servis edilməsi ölkəmizdə dini tolerantlıq və sabitliyi pozmağa hesablanmış həmlələrdir. Bu səbəbdən, müsəlmanlar belə xəbərlərə etibar etməyib bir-birinə qarşı sərt mövqe tutmamalıdır. Həmin xəbərlərin kim tərəfindən və hansı məqsədlə yayılmasının araşdırılmasına isə xüsusi diqqət göstərməlidirlər. Allah bir Quran ayəsində müsəlmanları bu cür xəbərləri eşitdiklərində necə davranacaqlarını bildirmişdir:

Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal yoxlayın, yoxsa bilmədənbir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız! (Hücurat surəsi, 6)

Həm də bu da nəzərə alınmalıdır ki, məzhəblər arasında hər hansı bir məsələ haqqında fərqli fikir və fətvalar olduğuna görə, bir məzhəbdə məqbul sayılan bir məsələnin bunu qəbul etməyən məzhəb nümayəndələrinə sensasiyalı xəbər kimi verilməsi o qədər də çətin deyil. Müsəlmanların arasını vurmaq istəyən qüvvələr məzhəblərdə olan fikir ayrılıqlarından ustalıqla istifadə edib rahat şəkildə ədavət planları qururlar. Çəkişmə və ədavətin müsəlmanların gücünü zəiflədəcəyi haqqında Allah bir Quran ayəsində bu şəkildə buyurmuşdur:

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir! (Ənfal surəsi, 46)

Müsəlmanlar onların aralarında nifaq salmaq istəyənlərə qarşı Quranın göstərdiyi yolu tətbiq edərək fitnə-fəsadı önləməklə məsuldurlar:

Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allah`dan qorxun ki, bəlkə, rəhm olunasınız! (Hücurat surəsi, 10)

Ayədən də göründüyü kimi, Allah möminlərin arasında problem olduğu zaman digərlərinin onları barışdırmasını istəyir.
Həqiqətən də hər hansı bir din xadimi tərəfindən yanlış bir açıqlama və ya fikir söylənmişsə, o zaman düşmən mövqeyindən yanaşmayıb, şəfqətlə həmin yanlışın düzəldilməsini istəmək lazımdır. Allah hər şeydən öncə müsəlmanların bir-birinə dost olmasını və bir-birlərini qorumalarını əmr edir. Allah Quranın bir çox ayəsində müsəlmanları bir-birinə dost olmağa, yaxşılığı əmr edib pislikdən çəkindirməyə çağırmışdır.

Azərbaycanda yaşayan müsəlmanlar bu məsələdə diqqətli davranmalı və dövlətimizin illərlə ən gözəl şəkildə qoruyub saxladığı dini tolerantlığı qorumaq üçün birlik nümayiş etdirməlidirlər. Ölkəmizdə məzhəblər arasında ədavət salmaq və tolerantlığı pozmaq istəyənlərə veriləcək ən gözəl cavab müsəlmanların birlik olmasıdır. Hər nə qədər kiçik ayrılıqlar olsa da, bütün müsəlmanlar Allah`a, Onun Elçisinə və müqəddəs kitabımız Qurani-kərimə inanırlar. Ən vacib mövzularda ortaq inanca sahib olan müsəlmanlar üçün kiçik fərqliliklər ayrılıq səbəbi olmamalıdır.

Hamılıqla Allah`ın ipinə möhkəm sarılın və ayrılmayın! Allah`ın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali-İmran surəsi, 103)

Ramiq Vəliyev