Həyat – qəribə və sevimli, amansız və qəddar! İnsan övladı dünyaya gəlir, yaşayır, yaradır, ölümü isə çox vaxt nə xəyalına gətirir, nə də eyninə alır. Tələsir… Elə hey tələsir… İnsanın son mənzili ayağının altındakı torpaqdısa, bəs onda hara tələsir, niyə aldanır, niyə ölümdən – ayağının altındakı torpaqdan qaçmağın, qurtulmağın mümkünlüyünə inanır. Bəlkə torpaq adamı ona görə çəkir ki, ora doğma adamların cismi əmanət edilib, başları üzərində ruhları dolaşır.
***
Soyuq qış axşamı. Bayırda qar yağır, şaxta, boran nəfəs kəsir. Sevimli oğlunu dizləri üstündə oturdub Bəkir müəllim. İşinin çox olmağından, üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışmağındandır ki, Bəkir müəllimin uşaqlar yatmamış evə gəlib çatmağı, onlarla bərabər zaman keçirməyi çox az hallarda olur.
– Əgər bircə gül, tək bircə gül də sən əksən, bir ağacı da sən sulasan bu yer üzü cənnət olar, oğul! Bir əlin torpağın ətəyində olsun. Olsun ki, başın buludlara çata bilsin. Bu ömür ki var, oğul, bir oxun hədəfindədi. Bircə atımlıq canı var. Qoy olsun. Gün gələr də, çətin anlarında yanında ola bilməsəm, bu sözlərimi unutma – nə olursa olsun, həyat nə surprizlər çıxararsa qarşına çıxarsın, sən doğru bildiyindən dönmə! Sən haqqın, ədalətin, doğrunun tərəfində ol ki, Allah da sənin yanında olsun!
***
Dönməzov Bəkir Atakişi oğlu 1958-ci il yanvarın 31-də Qazax rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmir və 1973-cü ildə işləmək üçün Sumqayıt şəhərinə üz tutur. Kimya sənayesində (indiki Etilen-Polietilen zavodunda) fəhlə kimi işə başlayır. Oxumaq həvəsi, elmə, kitaba olan marağı Bəkiri rahat buraxmırdı. Ziyalı ailəsində dünyaya göz açmağı, atasının riyaziyyat müəllimi olmağı onun təhsil almağa olan marağını daha da artırırdı. İşləməklə bərabər, həm də yenidən ali məktəbə hazırlaşır. Lakin həyatda heç vaxt insanın istəkləriylə imkanları üst-üstə düşmür. Növbəti qəbul imtahanlarına çata bilmir və hərbi xidmətə yollanır. Uzaq və qərib bir diyarda – Xabarovsk vilayətində hərbi xidmət borcunu yerinə yetirir. Hərbi xidmətini çavuş rütbəsi və təşəkkürnamə ilə bitirdikdən sonra Sumqayıt şəhərinə qayıdır. Yenidən eyni zavodda, dülgər vəzifəsində işləyə-işləyə ali məktəbə hazırlaşır. Və nəhayət arzusuna çatır. Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Ali məktəbdə savadına, insanlarla rəftarına, mədəniyətinə görə seçilən və buna görə də hörmət qazanan Bəkir Dönməzov qrupun rəhbəri seçilir. Qrup yoldaşları ilə çox yaxşı münasibət qurur. Elə buna görədir ki, hətta təhsil illərindən sonra da hər il may ayında qrup yoldaşları ilə görüşər, onlarla ötən günlərin xoş xatirələrini bölüşərdi.
Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Sumqayıtdakı Etilen-Polietilen zavodunda iqtisadçı-mühəndis kimi çalışır. İlk zamanlarda fəhlə kimi işə başladığı müəssisədə sonradan əzmi, bacarığı, savadı və iradəsi hesabına məsul vəzifələrə yüksəlir. Son dönəmlərdə zavodun Personal və əmək haqqı və İqtisadiyyat şöbələrinin rəisi vəzifəsində çalışmışdır. Hansı vəzifədə işləməyindən asılı olmayaraq tabeliyində olan işçilərinə rəhbər yox, əsl dost, yoldaş olmuşdur. Bəkir müəllim elə bir həyat yolu keçib ki, bu gün onu boğazdan yuxarı, bayağı təriflərlə “naxışlamaq” mümkün deyil. Onun bəzəyi də, tərifi də, təltifi də – tanıyanların yaddaşında xoş niyyətli, təmiz qəlbli insan kimi qalmasıdır. Onu tanıyan hər kəs bilir ki, Bəkir müəllim təbiətcə çox mülayim, bacardığı qədər insanlara kömək etməyə çalışan, haqqı nahaqqın ayağına verməyən biri olub. Hamının problemini özününki bilib, ona uzanan əlləri, ümidlə dikilən gözləri nagüman etməyib, müşkülü asan etməyə çalışıb. Çalışdığı zavodun inkişafıyla bərabər, tabeliyində olan işçilərinin iş və əmək şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll olunması üçün əlindən gələni etməyə çalışıb. Cavan yaşlarından dost-tanışların, qohum-əqrəbanın işinə yarıyan, bir nəslə böyüklük edən, amma heç vaxt, heç zaman böyüklük iddiasında olmayan insan idi. Beş qızdan sonra dünyaya gələn Bəkir müəllimi kəndlərində yaşayan Bəkir adlı nurani, ağsaqqal bir ağanın şərəfinə belə adlandırıblar. Zaman keçdikcə o, bu adı doğruldaraq səbri, təmkini, savadı, böyüklərə hörməti, kiçiklərə məhəbbəti, ətrafa sevgisi, böyük-kiçik yeri bilməyi sayəsində hamının sevimlisinə çevrilir.
Müəyyən səbəblər üzündən Bəkir müəllim 2008-ci ildə öz ərizəsi ilə Kimya sənayesindən ayrılır. Bir müddət işsiz qalsa da 2010-cu ildən Madeyra mebel fabrikinin Sumqayıt salonunun rəhbəri kimi əmək fəaliyyətini davam etdirir.
Bu gözəl insanın həyatının son günlərinə qədər əlaqə saxladığı dostları var idi. O insanlar ki, bu gün də Bəkir müəllimin ailəsində o hörmətə sahibdirlər. Şəfa Əliyev, Darvin Hüseynov, Hacı Novruz İsmayılov, Fəxrəddin Kazımov, Səyyad müəllim, Xanlar müəllim, Zakir müəllim, Sahib müəllim, Səməd müəllim, Şəmşir müəllim, qrup yoldaşlarından Tofiq müəllim və daha neçə-neçə dostları Bəkir Dönməzovun həmişə hörmətlə yanaşdığı insanlardan olub.
***
Dünya o qədər vəfasız, həyat o qədər amansızdı ki… Bu torpaq da yaxşıları aparır qoynuna. Bəkir müəllim heç kimin gözləmədiyi bir anda, ölümün yaraşmadığı bir yaşda dəyişdi dünyasını. Bu dünyanın dərdlərinə, bu dünyaya gücü çatmadı kövrək ürəyinin. Ürək nə qədər güclü ola bilər ki? Onun da qüdrətinin, səbrinin bir sərhəddi var. Ürəyinin gen qapısından girən çox oldu Bəkir müəllimin. Hər girən də özüylə damla-damla kədər gətirdi, ovuc-ovuc qəm verdi. Ürəyini qorumadı, ürəyindən qorumadı özünü. Ölümüylə təkcə ailəsinə, balalarına deyil, daim bir-birilərinə dayaq olan qardaşı Vəkilə, bacılarına, saysız dostlarına dağ çəkdi.
Oğlu Vüqar Dönməzovla münasibətləri təkcə ata-oğul müstəvisində deyildi. Əsl dost, yoldaş, sirdaş idilər. Həyatının istisi, soyuğu, işığı, qaranlığı, sevinci, kədəri, bir ovuc ümidi, bir damla xoşbəxtliyi – hər şeyi var Vüqar bəyin. Birindən az, birindən çox. Bircə ata sevgisi, ata nəvazişi, ata məsləhətindən başqa. Bu gün ata həsrətilə alışıb-yansa da, pis-yaxşı yaşamağa çalışan Vüqar Dönməzovun atasına olan sevgisini, məhəbbətini duymamaq, görməmək mümkün deyil:
Vüqar Dönməzovun dediklərindən:
– Deyirlər ki, bütün ağrıların, acıların tək çarəsi zamandı. Hətta ən ağır dərdləri, ən yaxın insanların ölümünü belə zaman unutdura bilir. Yüzlərlə insan gəlir, başsağlığı verir, dərdinə şərik olduğunu söyləyir və gedir. Böyük itki ilə təkbətək qalanda anlayırsan ki, zamanla heç kim unudulmur. Hər “ata” sözü eşidəndə yara qanayır… Anlayırsan ki, zamanla sadəcə onsuzluğa alışırsan. Daha doğrusu özünü alışdığına inandırırsan.
Ailə üzvlərimə dəstək olmaq üçün ayaqda durdum. Ancaq ən çox darıxan da, ən böyük həsrəti yaşayan da mənəm. Əl atıb fələyin yaxasınından tutub silkələmək keçdi könlümdən. Bəlkə onda içimi didib-dağlayan kədəri, nisgili, gözlərimi yaran göz yaşını sakitləşdirə bildim.
Atamla hər zaman qürur duymuşam, onun haqqında həmişə fəxrlə danışmışam. Hələ orta məktəbdə onlar haqqında inşa yazanda sözlərin ən yaxşısını seçməyə çalışmışam. İndi də elə danışacam, ancaq keçmiş zamanda. Atamın yoxluğuna hələ də inana bilmirəm, onun barəsində dünyasını dəyişmiş insan kimi danışmaq mənim üçün çox çətindi. Bir anda bizi tərk etdiyini dərk etmək ağırdır. Onu bu qədər tez, zamansız itirəcəyimizi gözləmirdik. Atam mənim bu dünyada ölümünə inana bilmədiyim yeganə adamdı. Sanki elə bu an, bu dəqiqə qapıdan içəri girəcək, gülər üzü ilə problemlərimizi unutduracaq. Kaş ki, yanımda olsaydı, mənə doğru yol göstərsəydi, çətin vəziyyətdən çıxmağıma kömək etsəydi – dediyim anlar çox olub. Bu gün özüm də ailə başçısıyam. Bütün həqiqətləriylə anlayıram ki, mənim atam gördüyüm, tanıdığım, təsəvvür edə biləcəyim ataların ən yaxşısı idi. Qayğıkeş, məsuliyyətli olmağı ilə yanaşı, hər birimizə ayrıca, xüsusi diqqət göstərirdi. Bizim fikirlərimizi təmkinlə dinləyib lazım bilərdisə razılaşar, məsləhətlərini verər, bir sözlə bizlə dost olardı. Arzu və istəklərimizi həmişə həyata keçirməyə, ehtiyaclarımızı ödəməyə çalışardı.
Hər bir normal insan, istənilən övlad üçün valideynləri qiymətlidi. Ancaq atam həqiqətən də mənim aləmimdə əvəzolunmaz insan olub. Arzuları hələ var idi, yarımçıq qalan işlərini sona çatdırmaq fikrində idi, lakin 2014-cü ilin 9 sentyabrında vaxtsız və gözlənilmədən gələn ölüm onun bütün işlərini yarıda qoydu. Ailəsinə, valideynlərinə, keçmişinə çox bağlı insan idi. Ata-anasını xatırladığı zamanlarda gözlərində olan kədəri görmək üçün yetərincə böyümüşdük, darıxdığını hiss edə bilirdik.
“Bundan sonra atam üçün nə edə bilərəm?” – deyə çox düşündüm. Bu gün mənim üzərimə düşən ən böyük vəzifə atamın adını yaşatmaq, xatirəsini əziz tutmaq, onun arzularını, xəyallarını həyata keçirməkdir. Atamla fəxr etməyə dəyər. Bu gün həyatda olmasa da onun adını harda çəkirəmsə, məni çox hörmətlə qarşılayır, haqqında xoş sözlər deyirlər. Bütün bu deyilənlər, yazılanlar onu geri gətirməz, bilirəm, sadəcə onu xəyallarımda daim yaşatdığım, bir an olsun belə unuda bilmədiyim üçün məndən də bir xatirə olaraq qalsın istəyirəm.
Yaşasaydın, əziz atam, 31 yanvar tarixində 58 yaşını bərabər qeyd edə bilərdik. Səninlə fəxr edirəm və bu sözlərimi göz yaşı içində deyirəm. Allah sənə rəhmət eləsin! Məkanın Cənnət olsun!
***
P.S. Övladlarını dünyalar qədər sevən, onlara bütün varlığı ilə bağlanan, həyatının mənası sayan Bəkir müəllim səbrsizliklə ilk nəvəsinin dünyaya göz açacağı günü gözləyirdi. Ancaq bu istək də elə arzu olaraq Bəkir müəllimin ürəyində qaldı. Dünyasını dəyişəndən 8 ay sonra ilk nəvəsi dünyaya göz açdı. Hər dəfə bu gül balaya baxanda Bəkir müəllim kövrək duyğularla ailənin gözləri önündə canlanır. Elə bu səbəbdən də ilk nəvənin adını Bəkir yox, Fateh qoyurlar. İnanırıq ki, gün gələcək bu körpə Fateh böyüyəcək, iş-güc sahibi, vətənə layiq vətəndaş olacaq, babası Bəkir müəllim kimi onu əhatə edənlərin, dostların, yaxınların ürəyini fəth edərək hər kəsin sevimlisinə çevriləcəkdir.
Gülnarə Şöhrəddinqızı,
“Möhtəşəm Azərbaycan” qəzetinin bədii redaktoru