Da_001-238x300

HANI O DAĞLAR…

Aydın müəllimə

Dağdı o dağlar… Hanı
O kələ – kötür daşlar
Bax, əzsə ayağımı
Ürəyim rahatlanar…

Kötüyündə köntöylük,
Qayasında qabalıq –
İncə, zərif duyğular
Doğuran nahamvarlıq!..

Dar – dolaşıq cığırlar,
Əyri – dolay o yollar
Deyər: – Əyriliyi qoy,
Burdan düzgünlük apar…

Dərə – zülmətxanalar,
Gözqaraldan yarğanlar;
Gördüm ki, elə əsl
İşıq qaynağı – onlar!..

***

Yaşayaq,
duyğularımızı üstə çıxaraq,
qoy lap gecələrimizin də
gün işığı düşən bir yanı olsun elə…
sevdiyimiz hər şeyi-
rəngi,şəkli,şeiri yaşayaq.
bir daşı oxşayaraq,
onu da yaşayaraq yaşayaq…
demirəm qıyaq bir qarışqaya da-
əsla;
qəlbimizdəki işıqla,
eşqlə yaşayaq…
ya
kədəri yaşayana
o həm də sevinc…
bir anlıq düşün:
dünyamız bir arı pətəyi kimi…
torpağın altında köklərə,
bu yerlərə,göylərə nə qədər bağlıyıq…
bax,bir qayanın duruşunu canlandır gözündə,
sən üşüyəndə də
bil ki,
yanan bir od var köksündə…