QARABAĞA EL GÖNDƏR

Qırılıb sarı simim,
Saçından üz, tel göndər.
Yollardadır gözləri,
Qarabağa el göndər.

Vətənin öz laylası,
Ağlasın öz anası,
Qırılıb onurğası,
Qaldırmağa bel göndər.

İt oynadan meymunlar,
Özlərindən məmunlar,
Qırdı bizi məmurlar,
Qoy aparsın, sel göndər.

03.02.2016

BOŞ SİNİF OLAYDI, BİR DƏ İKİMİZ

Boş sinif olaydı, bir də ikimiz,
İstərdim ki, bizə göz qoyulmasın.
Elə sevərdim ki, tənəffüsləri,
Deyərdim heç zaman zəng vurulmasın.

Sinif rəhbərimiz ayırıb bizi,
Başqa bir partaya apardı səni.
Sevgidən xəbəri olmayan kimi,
Çəkib ürəyimdən qopardı səni.

Xatirə dəftərin ağ vərəğinə,
Sevgi şeirimlə apar yaz məni
Ağ-qara şəklində qara gözlərin,
Qoy baxıb öldürsün, üzsün naz məni.

Məktəb illərimin sənli günləri,
Bir xatirə kimi gözümdən keçir.
Elə susuzlayıb ürəyim sənə,
Doldurub ovcumla gözümdən içir.

27.01.2016