n

Anamın son günlərində
(2003-cü ildə)

Ey əcəl, sən Allah əl saxla biraz,
Anamı əlimdən alma nə olar.
O mənim varlığım, ürəyim canım.
Araya hicranı salma nə olar.

Mən ona öyrəşdim əzəldən bəri,
Alıb apararsan boş qalar yeri.
Götürə bilmərəm bu dərdi- səri.
Dərdlərimə bais olma nə olar.

Dünyaya gətirdi böyütdü məni,
Saçına mən saldım bəlkədə dəni.
İşin tələsikdi, bu qədər yəni?,
Uzaq get yaxına gəlmə nə olar.

Yaman çətn olur insa öləndə,
Gözlər qapananda yanaq solanda.
Həyat sönür hansı cana dolanda.
Anamın canına dolma nə olar.

Həyat işığını nə söndürürsən?,
Necə ürəkləri nə yandırırsan?
Nailin qəlbini nə sındırırsan,
Anamı həyatdan silmə nə olar.

Həyat yolu, həyat yolu

Gah enişdi, gah yoxuşdu,
gah şirin gah, sərt baxışdı.
Gah sığallı, gah naxışdı,
həyat yolu, həyat yolu.

Kimisinə çən-dumandı,
kimisinə vay-amandı.
Kimisinə şöhrət-şandı,
həyat yolu, həyat yolu.

Kimini dərdibənd eylər,
kimini dərdə bənd eylər.
Kiminə hiylə, fənd eylər.
həyat yolu, həyat yolu.

Kimisinə dar məzardı,
kimisinə bağça, bardı.
Kimisinə boran, qardı,
həyat yolu, həyat yolu.

Nail eylər giley-güzar,
çoxlarına azar-bezar.
Çoxlarına quyu qazar,
həyat yolu, həyat yolu.