” İnsan və dil” linqvistik problemi dilçilik elmi qarşısında duran ən aktual və mürəkkəb məsələlərdəndir. Problemin əsasında “dil və düşüncə”, “düşüncə və nitq”, “dil və nitq” kimi məsələlər dayanır. Bu problem yalnız linqvistik deyil, eyni zamanda psixoloji müddəalarla əlaqələndirildiyindən məsələyə hər iki elmin vəhdət təşkil etdiyi əsaslarla aydınlıq gətirilməlidir. Bəzən dil və təfəkkür anlayışı yanlış olaraq “dil və düşüncə” problemi ilə eyniləşdirilmişdir. Lakin problemin daha dərin köklərinə vardığımızda təfəkkürün düşünmə prosesinin müəyyən bir sahəsini təşkil etdiyini söyləyə bilərik.
Düşüncə- real varlığın insan beynində inikasının bütün proseslərini əhatə etdiyi halda təfəkkür real varlığın anlayış, mühakimə və əqli nəticə formasında inikası prosesidir.(1, s. 8)
Düşüncə geniş anlayış olub varlıq və ya hadisənin dərk olunmasının bütün formalarını özündə cəmləşdirən mexanizm kimi öz ifadəsini dildə tapır. Hər bir fikrin əsasında dil vasitələri dayanır. Danışarkən sözləri tələffüz edir, eşidirik, düşündüyümüzdə isə sözləri təsəvvür edirik. Beləcə hər bir düşüncənin varlığı sözlə, ifadə ilə mövcud olur. Bu mexanizmin formalaşmasında dilin xüsusi rolunu nəzərə alaraq dilsiz düşüncənin mövcud olmaması qənaətinə gəlirik. Hətta dünya dilçiliyində düşüncə və dilin sərhədlərinin müəyyənləşməsində Humbolt və Müller kimi dilçilərin bu anlayışları eyniləşdirmək, Sössür və Benvenistin isə düşüncə və dilin tamamilə fərqli anlayışlar olması kimi ikili fikirləri formalaşmışdır. Müasir dilçilikdə isə bu anlayışlar bir-birilə vəhdətdə formalaşan, biri digərinin mövcudluğunu labüd edən, bir sistemin fərqli tərfləri kimi fəaliyyət göstərən psixolinqvistik amillər kimi tədqiq olunur. Belə olan halda dil – düşüncə qarşılıqlı münasibətini “2 d” formatlı mexanizm kimi qəbul etsək, o zaman prosesin üçüncü tərəfi olan duyğu faktorunu kölgədə qoymuş oluruq.
Digər canlılardan fərqli olaraq insanın ali xüsusiyyəti – düşünmək və düşünərək-danışma prosesi beyində getdiyindən problemi psixoloji aspektdən araşdırmaq mütləqdir. Psixologiyada idarəedici funksiya daşıyan beynin düşünmək, hiss etmək və xatırlamaq kimi üç funksiyası göstərilir.Gənc psixoterapevt Şəbnəm Sadıqova bu anlayışlar üzərində analiz apardıqdan sonra “3 d formatlı” mexanizm ideyası irəli sürərək beynin funksiyasının düşüncə, duyğu və davranış kimi daim hərəkətdə olan və insanı idarə edən sistemdən ibarət olduğunu təsbit etdi. Və, beləliklə hər hansı hadisə və ya əşyanın beynimizdəki inikası olan düşüncənin duyğu yaradaraq davranışımıza dəlalət etdiyini söyləyə bilərik.Əksər hallarda düşüncə, duyğu və davranışın sərhədlərinin düzgün müəyyənləşdirilməməsi fərqinə varmadan yanlış davranışa gətirib çıxarır. Ən böyük problem insanların düşüncələrini ifadə edə bilməməsidir. Hər hansı bir hadisənin hansı duyğu yaratdığını soruşduqda əksər hallarda insanlar düşüncələrini və yaxud əksinə olaraq düşüncələrini soruşduqda ya duyğularını, ya da davranışlarını ifadə edərlər. Bu yanlışlıq insanların öz düşüncələrinə hakim kəsilə bilməməklərinə, düşüncələrin onlarda yaratdığı duyğularının təsiri altında meydana gələn davranışlarında idarəetməni itirmələrinə səbəb olar. Bəzən düşüncələrimizdə yanlışlıq ola bildiyindən sonradan peşman olacağımız davranışlar meydana çıxar. Biz yaxın dostumuzdan borc istədiyimizdə onun pul verməkdən imtina etməsini düşüncəmizdən asılı olaraq pozitiv və ya neqativ duyğularla davranışımıza yansıtmış olacayıq. Dostumuzun pul verməkdən imtina etməsini “var idi, bilərəkdən ya xəsisliyindən vemədi” kimi düşünsək, o zaman beynimizdə qəzəb, kin, nifrət, ədavət və.s kimi duyğular yaranacaq və biz otuz illik dostumuzla münasibətə son qoyacayıq.Yaxud əksinə “onun həqiqətən də pulu olmadığını, olsa mütləq verərdi” fikrini düşünsək bizdə əmələ gələn sədaqət, inam, mehribanlıq, əminlik kimi duyğuların təsirilə dostluq münasibətlərini davam etdirəcəyik. Davranışımızı şərtləndirən istər zahiri, istərsə də daxili nitq məhsulu olan dil duyğularımızın davranışımıza ötürülməsində bir vasitədir. Beləliklə düşüncənin ifadə alətinin dil olmasını nəzərə alaraq “3 d” mexanizmini “dil və düşüncə” prosesinə tətbiq etsək, o zaman prosesin gölgədə qalmış “duyğu” amilini rahatlıqla görər və bu prosesin düşüncə, duyğu və dil kimi qarşılıqlı dinamik bir mexanizm olduğunu söyləyə bilərik.
Duyğu indiki anda hiss üzvlərinə təsir edən əşya və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində inikasıdır.(1, s.14)
Deməli biz maddi aləmi düşüncəmizdə əks etdirir, duyğular vasitəsilə onun əlamətləri haqqında məlumat alır və bu məlumatlar müxtəlif dil hadisələrində əks olunur. Bu prosesdə dil və düşüncə münasibətlərində özünü göstərən dialektik əlaqə dil düşüncəsiz, düşüncə dilsiz yarana bilməz hökmünü ortaya qoyur. Dil və düşüncə asılılığı fikrin ifadəsi üçün lazımi sözlərin seçilərək nitqdə təzahür etməsinə gətirib çıxarır. Beləliklə düşüncəmizdən doğan duyğularımız təfəkkür süzgəcindən keçərək öz mənbəyini dildə tapan nitq aktında təzahür edir. Lakin varlığı nitqdə əks olunan dil ümumi olur, nitq isə insan təfəkküründən asılı olaraq fərdi xüsusiyyət qazanır. O zaman fərd düşüncələrini götür-qoy etməli, duyğularının fərqinə varmalı ki, qüsursuz nitq aktını həyata keçirsin. Düşüncə və duyğularımızı idarə edə bilməsək də nitqimizdə təzahür edən dilimizi nizamlamaq imkanına malikik. Hər hansı hadisəyə baxışımızdan asılı olaraq pozitiv və ya tamamilə əksinə olaraq neqativ duyğu yaranacaq və bu duyğu nitqimizdə də öz çalarını büruzə verəcək. Şüuraltından sızan gerçək duyğular, düşüncə və niyyətlər dil sürüşmələri şəklində ortaya çıxacaq. Nitqimizlə ətrafımıza hansı mesajı veməyimizdən asılı olaraq özümüz haqqında fikir formalaşdırmış olacaq və bizi əhatə edən maddi aləmdən, dostlardan eyni emosiyaları qəbul edəcəyik.
Hüseynova Ceyhunə
Sumqayıt Dövlət Universitetinin Baş Müəllimi