Daha vicdanlı və diqqətli olaq
Hal-hazırda dünyada böyük qarışıqlıq və xaos hökm sürür. Bəzi ölkələrdə amansız müharibələr davam edir, insanlar aclıq çəkir, atılan bombalardan evləri yerlə-yeksan olur. İnsanlar hər gün ölümlə üzləşir və xilas olmaq üçün ölkələrini tərk edirlər … Bəzi ölkələrdə isə insanlar normal həyat sürür və baş verən hadisələri sadəcə kənardan izləyirlər. Onların əllərində imkanları olduğu halda, çətin vəziyyətdə olanlara, ailələrini və yaxınlarını itirənlərə heç bir yardım etmirlər. Hətta hər şeyini itirən və doğma yurdunu tərk edən qaçqınlara öz ölkələrində sığınacaq belə vermək istəmirlər.
Bəs insanları bu mənəvi boşluğa sürükləyən nədir? Niyə insanlar bir-birlərinə yardım etmək istəmirlər? Necə olur ki hətta özünü “müsəlman” adlandıran insanlar dünyada əziyyət çəkən insanlara kömək etmək imkanları olduğu halda, bu qırğınlara soyuqqanlı yanaşırlar və hətta onların ölkələrinə girməmələri üçün aksiyalar keçirirlər?
Yuxarıda verdiyim sualların cavabı, yəni bir çox insanın insanlıqdan kənar davranmasının səbəbi imansızlıqdır. İmandan, vidandan, Allah qorxusundan uzaq olan insanlar hadisələrə çox səthi yanaşır, hər şeyi dayaz düşüncələri çərçivəsində dəyərləndirirlər…
İman gətirməyən insan hər şeyin mərkəzində özünü görür və acaq özü üçün narahat olur. Dünyada böyük müharibələr olsa belə, bu onu maraqlandırmır, çünki onun üçün əsas özünün bu müharibədən zərər çəkməməsidir. Əgər belə insanların başına problemlər gəlsə, özü və yaxınları müharibə şəraitində qalsa, o zaman belə vəziyyətdən çox narahat olar və hər kəsin ona kömək etməsini istəyər. Ancaq insanın məsuliyyəti sadəcə yaxınları ilə məhdudlaşmamalıdır. O digər insanları da düşünməli, onları da təhlükədən qorumaq üçün tədbirlər görməlidir. Halbuki şəxsi rahatlığını düşünən insan çətinliklərlə qarşılaşan, həyat uğrunda mübarizə aparan insanların vəziyyətini yaxşılaşdırmaq üçün heç nə etmir. Bu onu maraqlandırmır da. Bunun bəzi səbəbləri var.
Hər şeydən əvvəl, belə insan sülh şəraitində yaşayarkən bir anda müharibə mühitinə düşən qadınların, uşaqların və qocaların düşdüyü vəziyyəti anlamır. İnsanların bu vəziyyətinin əsil səbəblərini araşdırmır və bu problemləri aradan qaldırmaq üçün heç bir cəhd etmir. O yalnız var gücü ilə özünü xilas etməyə çalışır.
Digər tərəfdən, qəlbində Allah qorxusu olmadığı üçün dünyadakı qarışıqlıqları görsə də, Quran əxlaqının dünyada hakim olması üçün cəhd etmir. Əgər çətinliyə düşsə, ancaq özünü və yaxınlarını xilas etmək istəyir. Öz ehtiyaclarını təmin etmək, sıxıntı çəkməmək ona kifayətdir. Başqalarının nə vəziyyətdə olması, qorxu içində və aclıq təhlükəsi ilə yaşaması onun üçün əhəmiyyət daşımır.
Dünyadakı bu sevgisizlik, laqeydlik və vicdansızlığın yeganə yolu insanın Allahın dininə sarılması və Quran əxlaqını mənimsəməsidir. Yüksək əxlaqa yiyələnmək üçün Allahın Quran vasitəsilə bizə bildirdiyi əmrlərə riayət etməlidir. Nəfsinə kiçik pay belə ayırmamalıdır: gördüyü və eşitdiyi hər şeydən Allah qarşısında məsul olduğunu bilməlidir. Allaha necə hesab verəcəyini düşünməlidir. Ancaq Quranın əmrlərinə qarşı diqqətli olan şəxs bu mənəvi dərinliyi qazana bilər.
Beləliklə, hər bir insan ağılla düşündükdə və dünyadakı qlobal hadisələrə vicdanla yanaşdıqda bəşəriyyətin din əxlaqına ehtiyacı olduğunu dərhal anlayar. Əgər vicdanlı insan haqq uğrunda mübarizə aparmasa, laqeyd və eqoist insanlardan ibarət cəmiyyətin digər insanları da dinsizliyə sürükləyəcəyini dərk edər. Allahın razı olduğu gözəl əxlaqın yaşanmamasının cəmiyyətə vurduğu dərin yaraları görər və anlayar ki, bu yaraları sağaltmağın yeganə yolu din əxlaqını cəmiyyətdə hakim etməkdir. Bu məsuliyyəti anlayan insan əlindən gəldiyi qədər çalışar, bu üstün əxlaqla yaşamağı və insanların da yaşamasına vəsilə olmağı qarşısına məqsəd qoyar. Allah gözəl əxlaqlı möminləri Quranda belə müjdələyir:
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik… (Əraf surəsi, 165)
Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allah`ın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)
Xəyalə SƏFƏROVA