Hər il olduğu kimi bu dəfə də Azərbaycan Dövlət Aqrar Universitetinin bütün fakültə və ixtisaslarında ilk dərs saatı Xocalıya, bir kəndin yer üzündən silinməsinin qanla dolu tarixinə həsr edilib.
ADAU-nun mətbuat xidmətindən bildirilir ki, universitetin aqranomluq fakültəsinin müəllim və tələbələri tədris korpusunun foyesində Xocalı harayına toplaşıb. Əvvəlcə universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov XX əsrin amansız, xüsusi qəddarlıqla həyata keçirilən faciəsi olan Xocalı soyqrımı haqqında ətraflı danışıb. Xocalı hadisəsinə gedən yolun tarixi köklərinə aydınlıq gətirib. Deyib ki, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biridir.
Aqranomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov və professor Bəhman Əliyev çıxışlarında bildirilib ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən, ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.
Tələbələrin hazırladığı “Xocalı qan yaddaşı” adlı tamaşa isə iştirakçılara daha təsirli anlar yaşatdı. Tələbələrin yaddaşına həkk olan faciə dolu tarixin qisasının alınacağına inamlar artdı. Bir daha əminlik yarandı ki, indi daha vətənpərvər gənclik formalaşır, tarixin qan dolu səhifələrini qələbələrlə əvəzləyəcək qüvvələr yetişir. Bu da Azərbaycanın haqq işinin qalib gələcəyinə, faciə qurbanlarının qanının yerdə qalmayacağına, düşmən əsirliyində olan Xocalının azadlığa qovuşacağına güclü stimuldur.
Qalib Rəhimli,
Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri