rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

MƏHƏBBƏTLƏ ANIRIQ

Ustad şairimiz ,unudulmaz Vaqif Məmmədovun
əziz xatirəsinə.06-fevral dəyərli şairimizin vəfatının ildönümüdür

Andıqca insanın gözləri dolur,
Oyadır hər sözü neçə xatirə.
Hər kəlam canlanıb, bir lövhə olur,
Bəlkə xoş anılar kədər bitirə.

Şairmi, alimmi, müəllimmi deyim?
Necə adlandırım, bu sənətkarı?
Vəsf edib, öyməkçün, nələr söyləyim?
Xalqın mirasıdır, “əqlinin varı”.

Məktəbli, tələbə, gənc şair, ədib,
Dəyərli Ustadın öyrəncisidir.
Hər şagird dinləyib, zəka əxz edib,
Yazdığı hər əsər könül səsidir.

Ruh qatıb, can verib yazdıqlarına,
Qələmi toxunan, hər söz bal dadır.
Təşnələr üz tutar qüzey qarına,
Könül kəlamları dağlar boydadır.

Neməti olubdur halal duz- çörək,
Riyasız,hiyləsiz, sözün düz deyən.
Elinə- gününə, açıq bir ürək,
Olmayıb kimsənin qəlbinə dəyən.

Bax belə qalacaq xalqın yadında,
Dövran,- yurdumuzun Ustad şairi.
Ölməz bir şair var, -Vaqif adında,
Şairlər hər zaman, diridir- diri!..

HƏYATIN VƏFASI

“Mənim dünyam”- silsiləsindən

Həyatın insana vəfası yoxmuş,
Anladım mən bunu xəstə olanda.
Həyatda insanın cəfası çoxmuş,
İnsan bunu anlar yaşa dolanda.

Bir anda çevrilir dünyanın üzü,
Gözlərə zillənir fələyin gözü.
Dildə donub qalır kəlməsi,sözü,
Əzrayıl başının üstün alanda.

Əqli də,nitqi də,düsür didərgin,
Gözə zülmət çökür,dəyişir rəngin.
Ürək çaş-baş vurur,nəbizlər gərgin,
Damarda qaralır qırmızı qan da.

Göz yaşı qarışır acı qəhərə,
Yediyi,içdiyi dönür zəhərə.
Gümanı qalmayır sübhə,səhərə,
Gözləri qapıda,yolda qalanda.

Ağrılar,acılar çətindən-çətin,
Can dərdi əridir qürur,qüdrətin.
Olur dilənçisi şəfa,şəfqətin,
Bənizi çiçəktək sönüb,solanda.

Həkim olur ona qardaş,həm bacı,
Həkim olur dərdin, çarə,əlacı.
Həkim həmin gündən, başının tacı,
Dövran dərk eylədi, fəna olanda.