gunelxanim

Dədə-babalarımız zaman-zaman cəsurluğu, igidliyi, düzlüyü və mərdliyi ilə ad çıxarmışlar. Bir çox müsbət məziyyətləri ilə azərbaycanlı kişilər həmişə başqa millətlərin kişilərindən fərqlənmişlər. Onların dəyərli kəlamları, fikirləri bu gün hamımız tərəfindən “atalar sözləri” adı alaraq dillər əzbərinə çevrilib. Həmin dövrlərdə atalarımız indiki kimi savadlı olmasalar da, onların dünyagörüşləri, intellekt səviyyələri, söylədikləri fikirlər – “atalar sözləri” günümüzdə də öz əhəmiyyətini saxlamaqdadır. Onların bəziləri müasirliklə səsləşir, bəziləri isə üst-üstə düşmür. Atalar sözlərini dərindən təhlil edəndə ortaya elə maraqlı faktlar çıxır ki, insanı düşünməyə vadar edir. Düşünəndə də ürəyini qorxu bürüyür. “Yuxarıya baxırsan bığ, aşağıya baxırsan saqqal”. Atalarımız pul haqqında elə fikir yürüdüblər ki, təzadlı məqamlar ortaya çıxıb. “Pul əl çirkidir”, “Pul hər şeydir”, “Pul kəsəni qılınc kəsməz” və s. və i. söyləyib atalarımız. Bir anlıq düşünün. Pulun hər şey olmasına inamın yüksək olduğu cəmiyyətimizdə pulun əl çirki olması qənaətinə gəlmək üçün gərək səfeh və dəli olasan. Yəqin ki, atalarımız “pul əl çirkidir” deməklə gəncləri sınamaq istəyiblər. Qərara gəliblər ki, nəyin düz, nəyin yalnış olduğuna özümüz qərar verək. Buna başqa mövqedən də yanaşmaq olar. “Pul əl çirkidir” – deyimi kasıb atalarımıza, “pul hər şeydir” isə varlı atalarımıza məxsus olub.

“El qalxdı, sən də qalx”, “El keçdiyi körpüdən sən də keç” deyib insanlara birlik, həmrəylik aşılayan atalarımız “palaza bürün, elnən sürün”məyi məsləhət edəndə, görəsən, nəyi nəzərdə tutublar?! Hazırkı şəraitdə hansısa kasıbın varlı qonşusuna baxıb “palaza bürünüb, elnən sürün”məsi olduqca qəliz məsələdir. Sağ olsun atalarımız. Heç nəyi yaddan çıxarmayıblar. Onlar “İşləməyən dişləməz”, “İş insanın cövhəridir”-deyərək əməyə, zəhmətə yüksək qiymət veriblər. Bu gün işləməyib dişləyən varlı insanların qan-tər içində əziyyət çəkib çörək pulu qazanan insanlarla müqayisədə daha rahat həyat sürmələri atalarımızın sözlərinin təsir gücünü azaldıb və onu cılızlaşdırıb. Dahi Füzulimiz sözə necə böyük dəyər veribsə, atalarımız da sözü elə uca tutublar. “Söz danışıqdan keçər”, “Sözün doğrusu dəmiri dələr”, “Sözün yaxşısı baldan dadlıdır”. Çox təəssüf ki, onlar sözlə pulun bir-birindən nə kimi asılı olduğuna fikir verməyiblər. Çünki, pulun olmasa nə söz danışıqdan keçər, nə dəmiri dələr, nə də ki, baldan şirin olar. Öz kəramətli sözləri ilə bir zamanlar insanları doğru yola çəkən atalarımız haradan biləydilər ki, vaxt gələcək, zəmanə belə tərsinə dönəcək? Ümid edirəm ki, atalar sözlərimiz maneələrə baxmayaraq, bundan sonra da yolunu azmış insanlara yolunu tapmaqda kömək edəcək. Necə deyərlər:”Yoldan çıxmaq eyib deyil, yola gəlməmək eyibdir”.