Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dilçiliyi, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Ümumi dilçilik kafedralarının və “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in əməkdaşlarının iştirakı ilə “Beynəlxaq Ana dili günü”nə həsr olunmuş Dəyirmi masa təşkil olunub.

Müasir Azərbaycan dili kafedrasının müdiri, professor S.Abdullayeva tədbiri giriş sözü ilə açaraq, UNESCO-nun təklifi ilə 21 fevralın 1999-cu ildən Ana dili günü elan olunduğunu və bununla kiçik xalqların öz dillərini qorumaq hüququ qazandıqlarını, ana dili haqqında H.Zərdabi, F.Köçərli, Ö.F.Nemanzadə, M.İbrahimov kimi görkəmli şəxsiyyətlərin fikirlərini qeyd etmiş, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dilimizin qorunması, dövlət dili səviyyəsinə yüksəlməsi sahəsində xidmətlərini xatırladıb. Dəyirmi masa iştirakçıları dilimizin qorunması üçün dövlət səviyyəsində görülən tədbirləri, xüsusən, son illərdə ölkə başçısı İlham Əliyevin bununla bağlı sərəncamlarını yüksək qiymətləndirib. Müzakirələrdə ədəbi dil normalarının yazılı KİV-lərdə, televiziya kanallarında, film və seriallarda, ayrı-ayrı vəzifəli şəxslərin və hətta təhsil işçilərinin nitqində rast gəlinən kobud pozulması halları, onların səbəbləri və aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılmış, ədəbi dil normalarına müəllimlərin nitqində riayət edilməsinin vacib olduğu xüsusi vurğulanıb. Tədbir iştirakçıları dilimizin saflığının qorunması, onun qloballaşma dövründə inkişafının təmin edilməsi, bu sahədə görülən işlərin əlaqələndirilməsi və onlara nəzarətin təmin olunması üçün vahid bir qurumun yaradılmasını məqsədəuyğun olduğunu qeyd ediblər.

Sonda təklif və iradların geniş ictimaiyyətin, müvafiq dövlət qurumlarının diqqətinə çatdırılması və belə müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Nigar RÜSTƏMQIZI,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı