uxp

Gözlərindən həsrət yağır

Gözlərindən həsrət yağır,
Ay yağışa düşən bəndə.
Vaxtsız gəlib yer üzünə,
Təktənha yetişən bəndə.

Götür ürkək baxışları,
Söykə dünyanın dizinə.
Saxla düşən ulduzları,
Yapışdır göyün üzünə

Bir gün için çıxıb çölə,
Çatacaq göyün üzünə.
Aldadıb ömür də səni,
Atacaq göyün üzünə.

Gecə

Gəl bağrıma daş tək basıl,
Uyu qoynumda gecə…
Uşaq nağıllardan bezib,
Böyüklər ağılardan.
Dərdlərim salxım kimi,
Asılıbdır tənəkdən,
Min bir dərdi ələrəm
Biri keçməz ələkdən.
Dünya da bir ələkdir..
Keçən heç vaxt
Diri keçməz ələkdən..
Dünyanın işinə matam doğrusu,
Canavar gözünü çıraq eləyir.
Qanun keşiyində milyon oğrusu,
Qəpik oğrusunu dustaq eləyir..