Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Gəldi qara buludlar, toqquşdu birdən, birə,
Şimşəyin nərəsindən, silkələndi dağ, dərə,
Elə bil yer göy uçdu,göylər birləşdi yerə,
Leysan elə coşdu ki, sular döndü bir selə,
Bircə anda kəsildi quşların cəh-cəh səsi,
Gurultuya çevrildi, dağların xoş nəğməsi,
Çırpdı özünü yerə, damlanın hər birisi,
Qayalar sinə gərdi, əsən küləyə, yelə.
Boğuldu sel daşları, qurd kimi xırıldadı,
Qayalardan atıldı, sel-sular, şırıldadı,
Qurbağalar sevindi, dərədə quruldadı,
Cilovsuz dəli yellər,əsdi belədən, belə.
Gölməçələr içində, oynadı gur damcılar,
Təzə mahnı oxudu sevinclə qavalçalar,
Daşları, qayaları döydü yenə qamçılar,
Göylər üzün bozartdı, hər çiçəyə, hər gülə.
Yaz yağışı gözəllik, yaz yağışı bərəkət,
Açıldı göy qurşağı, gözəlləşdi təbiət,
Yaz yağışı sevgidir, yaz yağışı məhəbbət,
Yağışdı ilham verən, qaranquşa, bülbülə.\
Yenə günəş şəfəqin səpdi torpağa, daşa,
Şəfəqlərə büründü yer, göy oldu, tamaşa,
Yuyundu ana torpaq, bəzəndi başdan- başa,
Bir gözəllik gətirdi, yaz yağışı bu elə.