VAXTIDI
Könül, bir azca toxtaq ol,
Yağının şölən vaxtıdı.
Dizini bərkit, qəmlərin
Qoşunnan gələn vaxtıdı.
Üsyan deyir için-çölün:
Yetər, qafil!–Görün, görün!
Ürəyində açan gülün
Köksünü dələn vaxtıdı.
Dərya boyuncadı, batma
Gördüyün yuxudu, qatma.
Qayğına bələnib yatma,
«Qanına bələn!» – vaxtıdı.
BU DIVARIN O ÜZÜNDƏ
Bu divarın o üzündə,
Bir nazlı mələk uyuyub.
Gecə gərib qanadını,
Üstündə lələk uyuyub.
O xanədə nə var – oyaq,
Döşəmədən tavanacan.
Qapı, pəncərə, dörd divar,
Çimir almaz sabahacan.
Odasının yörəsində
Yüz hoqqadan çıxır külək.
Donub qalıb pəncərədə,
«Heyrət ey büt!…» – oxur külək.
Tanrı tamaşası nədi –
O mələyi görən bilir.
Günəş ondan ötrü çıxır,
Ay ondan ötrü yüksəlir.
…Divarların bu üzündə,
Qismətim qubardı mənim.
Hər yan gözəllikdi, Tanrım,
Hər yanım divardı mənim.