***
Mən gülüm, sən ağla, vüsala dözək,
Görək, kim bu eşqin damına çıxır.
Yalqız pərvanələr ünvan tanımaz,
Onlar hər adamın şamına çıxır.
Daha çarx fırlanıb, geriyə az bax,
Orda yad baxışlar çapar atını.
Quzum, qarşı yolda qurd ləpiri var,
Duman çoxalmamış apar atını.
Axsaq xəyalların çatı böyüyüb,
Kölgəmdən kənar dur, naz vaxtı deyil.
Yuxum çiçək açır, gözümdən çəkil,
Görmürsən, könlümün saz vaxtı deyil!?
***
Çoxdur təbiətin bakirə yeri,
Hər yol öz ağlığın saxlaya bilmir.
Dərdin kağızında imza yeri yox,
Dərd çürük diş kimi laxlaya bilmir.
Bir pəri boylanır hər səhər göydən,
Ona əl uzadın, şən ola bilsin.
Başının altına kətil qoyun ki,
Boyu kölgəsilə tən ola bilsin.
Baxma, mığmığalar şivən qoparır,
Bəzən pir sayılır su başı, adam.
Madam ki, üstündə gəzdirə bilmir,
Nə üçün saxlayır bu başı adam?