48000_129777903874457_1650907077_n3

***

Hamı bənzərindir deyirsən, Tanrı,
Nədən bu adamlar Sənə oxşamır?
Çək məni bu cırıq kağıza, göstər,
Nə qədər çəkirlər, mənə oxşamır.

Ruhum mən uşaqkən acından ölüb,
Onunçün heç kimə ərk eləmirəm.
Elə bil yarımçıq bir cümləsən, qız,
Yüz yol oxuyuram, dərk eləmirəm.

Niyə titrəyirsən, çənəmi bağla,
Görmürsən ölmüşəm, su at üstümə.
Axıt gözlərini yaşını, sonra
O ağ köynəyimi yu, at üstümə…

***

Mən qəmdən kürüdüm ömür yolumu,
Sən də öz altını süpür di, Allah.
Mən Sənin damının dirəyin sökdüm,
Sən də dur, üzümə tüpür di, Allah.

Bir məna tapmıram bu daş ömürdə,
Artıq taleyimin çuxası yanıb.
Bir kölgə ləhləyir məndən qabaqda,
Yəqin yuxu tutub, yuxası yanıb.

Əyil, gözlərinə salavat çəkim,
Sonra təhvil verim daşımı Sənə.
Arvadın, uşağın yanında əydin,
Mən halal etmirəm başımı Sənə…