48000_129777903874457_1650907077_n3

***

Yaram qaysaq tutub, dərim dartılır,
Hicran sinəm üstə sac qoyub sanki.
Ruhum öz-özünü elə qınayır,
Üç körpə balasın ac qoyub sanki.

Gəl, gözüm ağrıyır, baxışını sürt,
Canımı canına sığışdır, gedək.
Daha yaşamalı halı da yoxdur,
Bu evi sil-süpür, yığışdır, gedək.

Gəl, birgə üz tutaq Allaha, soraq: –
Nədən zülm eləyir bəndə özünə?
Bizim günahımız ayrı-ayrıdır,
Mən özümə baxım, sən də özünə.

***

Mən çiçək axtardım, nazını çəkim,
Bir qız qapımıza gülünü atdı…
…Nazı ayrı cürdü şəhər qızının,
Söz atma, görərsən, külünü atdı.

Qoxlama, həyat da zəhər kimidi,
Atan nə dadıb ki, sən nə dadasan?!
Demə, üst-başımdan nəm iyi gəlir,
Əynimi isladıb çən, nə dadasan…

Baxış çürüdürük hər gün bir qucaq,
Ürəyin açarı gözlərdi, xanım.
Bir Allah bilir ki, ehtiras, yanğı,
İndi ən müqəddəs sözlərdi, xanım…