Qiyas HƏMİD (Həmidov Qiyas Abdulla oğlu) 1954-cü il noyabr ayının 9-da Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur. 1973-cü ildə doğma kəndlərində orta təhsilini başa vurmuş, həmin ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətdən sonra indiki Mədəniyyət və İncəsənət Universitetinin Mədəni Maarif fakültəsinə daxil olmuş, 1982-ci ildə universiteti bitirmişdir. Sonraki illərdə Qiyas Həmid Sumqayıtda İnşaatçıların Mədəniyyət evində Dram dərnəyinin rəhbəri, Kimya Sənaye İstehsalat Birliyində radio verilişləri redaksiyasının redaktoru, “Sintez” qəzetinin müxbiri, Səthi Aktiv Maddələr zavodunda radio verilişləri redaksiyasında redaktor vəzifəsində çalışmışdır.
Son vaxtlar MBS Sumqayıt İnformasiya Agentliyinin müxbiri idi. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin fəal üzvlə­rin­dən olan Qiyas Həmid şeirləri və publisist yazıları ilə dövrü mətbuatda, radio kanallarında çıxış edirdi. Onun 1997-ci ildə “Çiçəklər solmaya kaş” şeirlər toplusu maraqla qarşılanmışdır. 1998-ci ildə “Hacı Mirheydər ağa” kitabı isə onun publisist qələminin məhsulu idi.
2003-cü ildə Tatarıstanın Kazan şəhərində “Araz aka, canqa kaqa” adlı kitabı işıq üzü görmüş, 2005-ci ildə Kazan şəhərinin 1000 illiyində Rusiya Prezidentinin qərarı ilə və Tatarıstan prezidenti M.Ş.Şəmiyevin imzası ilə medalla təltif olunmuşdur.
2008-ci il dekabr ayının 1-də Tatarıstanın Kazan şəhərində vəfat etmiş, həmin ilin dekabr ayının 3-də Masallı rayonunun Böyük Xocavar kəndində dəfn edilmişdir.

HEYDƏR ƏLİYEV DÜHASI

Ümummilli liderimiz, Azərbaycanın baş memarı Heydər Əliyevə

Sönməz ocaq,
Batmaz Gündür,
Bitməz arzu,
İtməz ündür.
Qurtarmayan ömür-gündür,
Heydər Əliyev dühası!

Nur paylayar eldən-elə
Aydan-aya, ildən-ilə,
Sığmaz yerə, sığmaz göyə
Heydər Əliyev dühası!

Ən uzaq yolları belə,
Yad izlərdən silə-silə,
Birləşdirir böyük hisslə
Heydər Əliyev dühası!

Azərbaycan adlı yurddan,
İlhamını alıb hər an,
Azərbaycan qədər qalxıb,
Ucalıb yerdən göyəcən,
Hər deyəndə Azərbaycan
Heydər Əliyev dühası!

Günəşdir, heç zaman sönməz!
Şimşəkdir, göylərdən enməz!
Azərbaycanı sabaha,
Aparan düz yoldan dönməz,
Heydər Əliyev dühası!

06.05.2008, Sumqayıt

AZƏRBAYCAN DEYƏNDƏ

Azərbaycan deyəndə,
Ucallam dönə-dönə.
Ürək köksümə sığmır,
Sevgim yer kürəsinə.

İstəyirəm bir anda
Göylərə qanad açam.
Sərhəd, yol tanımayam,
Hər yana quş tək uçam.

Uçam Ənqa quşutək,
Di, şəkk getməz yerlərə,
Di, qarı heç əriməz,
Gülü bitməz yerlərə.

Azərbaycan deyəndə,
Qarı əriməz yerin.
Qarı da dönər suya,
Çiçəklənər, güllənər
O yer də birdən-birə,
Qışı da dönər yaya!

Azərbaycan deyəndə,
Sıxaram neçə yerdə,
Dost, qardaş əllərini,
Nəfəsimlə əridib,
Yox edərəm bir anda,
Ən bərk, qalın hörülmüş,
Sərhəd məftillərini!

Azərbaycan deyəndə,
Heç nə yan, ayrı düşmür.
Azərbaycan deyəndə,
Birə-beş boyum artır.
Candan-can ayrı düşmür.

Azərbaycan deyəndə,
Bir də hər an, hər zaman.
Yadıma anam düşür.
Anam yada düşəndə,
Günəş də yer üzünə
Nur saçan gözlərimlə
Azərbaycan düşür!
12.08.2007, Kazan

BU KÖÇ O KÖÇDƏN DEYİL

Sirrimi bilənə yox,
Arxamca gülənə yox,
Dərdini bölənə yox,
Didənə qoşun məni.

Hər daş üstə bitməz ot,
Qəlbdə bitən – itməz ot.
Ürəyini yanar od
Edənə qoşun məni.

Daha saçları qaram,
Sağalmaz bitən yaram,
Bu ağrıdan doymaram,
Dadana qoşun məni.

Ömür-gün heçdən deyil,
Qocalıq yaşnan deyil,
Bu köç o köçdən deyil, –
Gedənə qoşun məni.

BAYATILAR

Bu axan çaydı, gəlin,
Nəğməsi paydı, gəlin.
Ləkin təzə otaqdı,
Lampası Aydı gəlin!

Dərənin qolu gələr,
Dəldikcə qolu, gələr.
Ürəyim bir yuxadı,
Ağlasam, dolu gələr.

Mən aşiq, yaz oldu, gəl,
Dərd-qəmim az oldu, gəl.
Onsuz da deyiklisən,
Arada söz oldu, gəl.

Yağış yağar, lillənər,
Sular axar, sellənər.
Mənə könül açsan sən
Bağça-bağlar güllənər.

Mən aşiqəm daş-daşı,
Ova bilməz daş, daşı.
Bəxtin daşa dəyibsə,
Daş götürmə, daş daşı!

VƏTƏN GÖRƏN GÖZÜMDÜ

Qollarımı açıram
Ana yurdu qucmağa.
Vətən vuran ürəyim,
Yox qanadım uçmağa!

Daşım, suyum müqəddəs,
Ocağında gəzəm mən.
Vətən görən gözümdü,
Vətənimə gözəm mən!

Qurban olum yurdumun
Torpağına, daşına.
Lazım gəlsə, çevrilləm
Ömür boyu başına.

Torpağına qarışsam,
Deyirəm, daha nə qəm.
Bir gün çiçəyə dönüb
Mən təzədən dirilləm!

ATA PENCƏYİ

Biz hər gecə yatanda,
Atamın pencəyini
Anam yorğan əvəzi
Atardı üstümüzə,
Soyuq dəyməsin deyə
Gecə yatanda bizə!

İndi ta böyümüşük,
Atamız da yaşlaşıb.
Üstümüzə atılan
O pencəyi də indi
Daha gəlmir əyninə.

İndi üşüyər deyə,
Bizim pencəyimizi
Atam alır çiyninə!

Ancaq yenə,
Biz ata pencəyinin altında
Görürük özümüzü.
Üşüyürük, harda ki,
Ata pencəyi ilə
Örtməsək üstümüzü!

15.11.2006, Sumqayıt

ÜRƏK, MƏNİ YOLDA QOYMA

Gözlərim çuxura düşüb,
Qəlbim sözə bənd kimidir.
Dəyirmanı olmayan kənd
Yolu uçuq kənd kimidir.

İndi zaman, güman başqa,
Ömür yolu çətin, sərtdi.
Bu dünyada heçdi ölüm,
Ancaq ölmək də bir dərdi.

Gecə-gündüz ürəyimdən
Ötənimin oxşarı yox.
Bu dünyada min yer gəzim,
Vətənimin oxşarı yox.

Söz var, qəlbdən ah çıxarır,
Söz var qəlbə dəyən oxdu.
Ürək, məni yolda qoyma,
Bu dünyada görüləsi
Mənim hələ işim çoxdur!
Kazan

BURDA NECƏ ÇƏKMƏYİM AH

Şairlər peyda olublar,
Yazan-yazdıran sairlər.
Şairlər peyda olublar,
Azan-azdıran şairlər.

Şairlər peyda olublar,
Pencəkləri bezdən olub.
Şeirə, irsözə dürtdükləri,
Astarları dizdən olub.

Yazıçılar birliyinin,
Üzvü də çoxdan olurlar.
Şair, nasir olmaq üçün
Çox vardan-yoxdan olurlar.

Qəlblərisə söz odundan,
Yananlar bir yanda qalır.
Sənət yolu ki, boş oldu –
Sabir bağında düşünür,
Füzuli meydanda qalır.

Burda necə ağrımayım,
Qəlbim necə çəkməsin ah.
Bu adamlı yer üzündə
Demək, bir tək olan mənəm,
Bir də Allah!