QÖNÇƏDƏ SOLAN ÇIÇƏK
Günaydın, ömrüm-günüm,
Qönçədə solan çiçək!
Baxtına yağan yağış
Gözünə dolan çiçək.
Arı qonmaz ətrinə,
Xar susamaz çətrinə.
Xətirsizlər xətrinə
Taleyi talan çiçək.
Ağca günüm keçilib,
Ağ kəfənin biçilib.
Sonalanıb, seçilib
Mənimki olan çiçək.
FƏLƏK
Mənə sirr verdiyin yerdə
Dilin lal olaydı, fələk.
Qara-qançır ağ yuxular
Qara bağrım oydu, fələk.
Qibləm o yaqut-yəmənə
Gülün nə, daşın nəmənə?
Bəyin deyiləm, bə mənə
Tutduğun nə toydu, fələk?
Aman ver, açım gözümü,
Zaman ver, deyim sözümü.
Bəsdi, tanıdım özümü…
Hoydu fələk, hoydu fələk!