Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
Söndü səmaların ulduzu, danı,
Ağladı zamanın saatı, anı.
O müdhiş, o qarlı fevral gecəsi,
Dünyanı sarsıtdı dad, fəryad səsi.
O gecə insanlıq nələr itirdi,
O gecə gözlərdə dəhşət bitirdi.
O gecə əfsanə, sanki nağıldı,
O gecə bir şəhər qanda boğuldu.
O gecə doğrandı ahıl, körpələr,
Yanıb kömür oldu məsum çöhrələr.
Üzüldü bir anda başlar gövdədən,
Qanla qüsul etdi çox başsız bədən.
Körpə fidan idi arzu, diləklər,
Qızmış atəş idi cani küləklər.
Fələyin o qanlı camı dolmadı.
Əcəl açmadığı qapı qalmadı.
O gecə Xocalı oldu Kərbala,
Müsibət, qan gölü, hər tərəf bəla….
Doğrandı ülviyyət, sevgi, məhəbbət,
Doğrandı etibar,inam, sədaqət.
Dinləsin sözümü səbəbkar olan,
Deməz türk övladı heç zaman yalan.
Sığınıb köpəktək xaç kölgəsinə,
Namərdlik eylədi od ölkəsinə.
Yurdumun yanında cırtdandır boyu,
Qanlı təbillərlə çalınar toyu.
Eşit sözümü sən qanlı qəsbkar,
Qisas təşnəsidir şanlı zülfüqar!…
23.02.2016.