12472542_1083526378364885_3082059040864656186_n

Bazar günü olmasına baxmayaraq, Nərgiz səhər tezdən yuxudan durmuşdu. Yeni ailəlik dövründə ilk dəfə evdən çıxıb, doyunca gəzmək, gənc xanımın ancaq pəncərəsindən boylandığı təzə mənzillərinin əhatə dairəsindən uzaqlaşmaq, şəhərin görməli yerləri ilə tanış olmaq istəyirdilər. Bunu axşamdan planlaşdırmışdılar. Özü də ideya gənc bəydən gəlmişdi. Sadiq doğma kəndlərində görüb bir könüldən aşiq olduğu bu qıza dünən axşam xatırlatmışdı ki, hələ tanışlıqlarının ilk günlərində, danışmaq üçün söz tapmağa çətinlik çəkdikləri vaxtlarda aralarında bu xüsusda söhbət olub. Düzdür, gənclər elə ilk günlərdən bir-birinə mehr bağlamışdılar. Ancaq bu izdivacın baş tutmasında şəhər gəzintisinə dair söhbətin az rol iynamadığını da danmaq olmaz. Utancaq Sadiqin danışmağa sözü qurtaran kimi, Bakının bu və ya digər gözəl mənzərələri, bir kənd qızına maraq kəsb edə biləcək qədər qeyri-adi guşələri barədə ən kiçik xatırlamaları, smartfon telefonun geniş ekranında barmağın ucu ilə fırlanan fotolara dair şərhləri onları həm cismani, həm də kövrək qəlblərinin nazik telləri ilə bir-birinə getdikcə daha çox yaxınlaşdırmışdı.
Baxanda Nərgiz də adi kənd qızlarından deyildi. Dağ döşündə xüsusi zövqlə tikilmiş, müasir üslubda bəzədilmiş, gülbaxt aqlayla üzlənmiş ikimərtəbəli, kafelli-metlaxlı, mətbəxində qabyuyanına qədər quraşdırılmış evdə böyümüşdü. Kənd mollasının qızı olan anası Nazlının mal-heyvandan, toyuq-cücədən zindi-zəhləsi getdiyi üçün həyətlərində “ho” deməyə, kişləməyə bir canlı tapılmazdı. Vardan-yoxdan “Sirun” adında bir avçarka saxlayırdılar ki, onu da şəhərdən Nazlının bazarda alver edən dayısı oğlu ailənin üç-dörd aylıq dolanışıq xərci müqabilində gətirmişdi. Ancaq bişmiiş ətlə qidalanan bu itin gündəlik yeməyində nələr yer aldığı dursun bir yana, rayon mərkəzindən olan baytar həkiminin xüsusi nəzarətində olması bu kasıb kənddə söz-söhbətlərə də yol açmışdı.
Seçmə ağacları nəzərə almasaq, rayon mərkəzi xəstəxanasında anbardar vəzifəsində işləyən Namaz kişinin geniş daş hasarlı həyətində heç bir lək də əkilməmiş, xiyar-pomidor üçün bir cərgə də çəkilməmişdi. Nazlı isə kənddəki marketdən hər dəfə kiçicik bazarlıq edəndə “mənə o bahalı xiyar-pomidordan ver” cümləsini xüsusi intonasiya ilə deməsi ilə diqqəti cəlb etməyi bacarırdı. Adama elə gəlirdi ki, o, sanki mağazaya alış-verişə yox, elə məhz bahalı tərəvəz aldığını nümayiş etdirmək üçün gəlir. Bir sözlə, bu ailə ucqar dağ rayonunda kəndli kimi yaşamağa adət etməmişdi, bərkə də düşməmişdi ki, çətinliyin nə olduğunu bilə.
Ancaq, insafən Nazlı Nərgizi gəlin kimi bir ailəni xoşbəxt edəcək səliqəli-səhmanlı, bişirli-düşürlü qız kimi böyütmüşdü. Tərbiyəsinə, adam arasında özünü aparmağına da söz ola bilməzdi. Bu mənada istər nişanlı qaldığı səkkiz ay zamanı, istərsə də şəhərdəki təzə mənzilinə gəlin köçdüyü bu qısa müddətdə özünə güldənağır söz də dedirtməmişdi. Arvadının xasiyyətinə yaxşı bələd olan Namaz kişi ananın gənc ailəyə hər hansı bir müdaxiləsinə də yol verməmişdi. “Bu arvadların damazdıxları elə yerdən götürülüb ki”, demişdi, “qaşınmayan yerdən qan çıxarmaqda ustadırlar. Birdən nəyisə bilərəkdən, ya bilməyərəkdən düz demərsən, cavandırlar, qəlblərinə toxunar. Qoy əl-ələ verib dolansınlar”. Kişinin bir sözünü iki etməkdən qorxan Nazlı neçə müddətdir ürəyini boşaltmağa imkan tapmırdı. Odur ki, Namazın yaxın kəndə toya getməsi fürsətini bada vermək istəmədi.
…Anasının zəngi gələndə Nərgiz səhər süfrəsini hazırlamaqla məşğul idi. Sevincək cavab verdi. Qaynananın ağızdolusu salamını da istəkli kürəkənə çatdırdı. Telefon qulağında yenidən mətbəxə keçdi. Yarım saatlıq danışıqdan sonra qızının narahatçılığını səsindən hiss edən həssas ana toxtaxlıq verməyə başladı:
– Ay qız, sən narahat olma, məndə cindi, saatı 7 qəpiyə, rahatca danış.
Sözsüz ki, Nərgizə danışmaq imkanı da vermədi. Bir müddətdən sonra hələ də sərbəst ev dolandırmağa adət etməmiş Nərgizin qaz sobasının üstündə pıqqıldayan dəm çaynikinə “vay” deyib heyfsləndiyini eşidən ana xəttin o başından qızını sorğu-suala tutmağa çalışdı.
– Nooldu, mənim balam. Əlini yandırmadın ki? Ay qız niyə tələsirsən, nə qaça-qaçdı. Sənə dedim axı, rahat danış, nə qədər desən konturum var.
Sadiq hələ də mətbəxdə anası ilə danışmağına davam edən Nərgiz tərəfə boylandı, hövsələsi daralıb, elə qaynamış çaynikdən özünə çay süzdü, tünd rəngin üstünə qaynar su tökdü. Təzə bəy öz əli ilə hazırladığı səhər yeməyini qurtarsa da, telefon söhbəti hələ bitməmişdi.
O, qarderobdan geyəcəyi köynəyi çıxarıb Nərgizə uzatdı və danışığa mane olmadan işarə etdi ki, yəni ütülənməlidir. Nərgiz ütünü taxıb isinməyi gözlədi. Arada utancaq səslə “ana, yaxşı” desə də, xeyri olmadı. “Başına dönüm, niyə sıxılırsan, nə qədər könlün istəyir danış, nə kontur aparır ki”. Təbii ki, yenə də özü bıdılamağında davam elədi.
Nərgiz çıxılmaz vəziyyətdə qalmışdı. Sadiqin hirsini güclə boğduğunu hiss edirdi. Anasına qarşı kobudluq da edə bilmirdi. Qız utandığından eyvana çıxdı. Ağzını doldurub, “ay ana, icazə ver, gedim işimlə məşğul olum” demək istəyirdi ki, mətbəxin pəncərəsində Sadiqi gördü. O saat yarım əvvəl geyməyə hazırlaşdığı köynəyi əlində tutmuşdu. Köynəyin döş hissəsində böyük bir qaraltı vardı. Bu, ütünün yanıq yeri idi.
Nərgiz “uf” eləyib əlini ağzına apardı. Bu sakitlikdə xəttin o başından Nazlının səsi daha aydın eşidildi:
– Bala, ağrın alım, nə sözün var de, çəkinmə, konturum çoxdur, məndə cindi, dəqiqəsi yeddi qəpiyə…

02.03.2016