İman gətirməyən insanlar xoşbəxt olmaq üçün səbəblər axtarır. Bəziləri var-dövlətlə, bəziləri gözəlliklə, yaxud gəncliklə, bəziləri məşhur olmaqla və ya nailiyyətlər qazanaraq xoşbəxt olacağını zənn edir. Dünyadakı hər şeyi səthi dəyərləndirən, sadəcə dünyadan zövq almaq istəyən bu insanlar əsla həqiqi mənada xoşbəxt ola bilməzlər. Çünki onların sevinc hissi tamamilə müvəqqəti həvəslərdən qaynaqlanır. Hər hansı bir şeyi əldə etmək üçün çalışır, həmin şeyi əldə etdikdən qısa müddət sonra həmin şeyə maraqlarını itirirlər. Ona görə, qısa müddət sonra sevincləri də sönür. Məsələn, yeni avtomobil almaq istəyən bir nəfər bu avtomobili əldə etdikdə sevinir, ancaq bir müddət sonra avtomobilə marağı itir, artıq sevinc hissi də sönür.
Allah Quranda dünya zövqlərinin də dünyadakı hər şey kimi müvəqqəti olduğunu belə xəbər verir:
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir… (Hədid surəsi, 20)
İman gətirən insanlar nemətlərdə əskilmə olduqda, xəstəlik və ya başqa hər hansı çətinlik zamanı sevinclərini itirməzlər. Xoşbəxt olmaları üçün xüsusi səbəbə ehtiyac yoxdur, iman gətirmək onlar üçün ən böyük şükür və sevinc mənbəyidir. Dünya həyatındakı çətinliklərin onlara sınanmaq üçün verildiyini və çətinliklərə səbir etdikdə bunun Allah dərgahında gözəl qarşılığı olacağına ümid bəsləyirlər. Bu düşüncə onların sevinc mənbəyidir. Vicdanla hərəkət etdikləri üçün müqayisə edir və nemətlərin dəyərini daha yaxşı bilirlər.
İman gətirməyən insanlarda isə vəziyyət tam tərsinədir. Bir evi olan insan daha böyük evi olan dostunu gördükdə sevinmək əvəzinə paxıllıq edir, bundan da böyük evi əldə etmək üçün planlar qurur. Ancaq ən böyük evi əldə etsə də, yenə xoşbəxt olmayacaq. Çünki Allah dünya həyatındakı rahatlığı və xoşbəxtliyi evin böyüklüyünə, gözəlliyinə, yemək-içməyin bolluğuna, şöhrətə və ya başqa nailiyyətə bağlı yaratmayıb. Bir az dərin düşünən insanlar bunu dərhal qavrayarlar.
Bir insan on otaqlı evə sahib olarsa, otaqların hamısında eyni anda olmaz, bir otağın içində yaşayar.
Ən zəngin qonaqlıq süfrəsi arxasında oturmuş insan üçün də vəziyyət eynidir. Zəngin süfrə belə olsa, hər insan müəyyən qədər yemək yeyə bilir.Çox yeyilsə, orqanizmdə ciddi narahatlıqlar yaradır.
Gənclik və gözəllik də müvəqqətidir, hər insan zaman keçdikcə yaşlanır, gücünü itirir. İman olmasa, bu, insan üçün böyük sıxıntı olar.
Dünyada verilən nemətlərin hamısına artıqlaması ilə sahib olduqda deyil, sevgi ilə paylaşdıqda, fədakarlıqla hərəkət etdikdə zövq verir, əks təqdirdə, insanın əzabına çevrilir.
İmanın dərəcəsi artdıqca insan nemətlərdən daha çox zövq alır. Hər şeyin gözəl cəhətini görür, hər hadisədə bir xeyir görür. Bu da dərin imana, sevməyə, sevilməyə və rahatlığa səbəb olur.
Allaha və axirətə yəqinliklə iman gətirməyən insanlar əsla həqiqi sevinc hissini bilməzlər. Onlar ancaq mənfəətləri olduqda, nəfslərinin istəklərini müvəqqəti təmin etdikdə sevinirlər. Ancaq bu, müvəqqəti sevinc hissidir. Çünki mənfəətləri olmadıqda və həvəsləri itdikdə sevincləri də itir.
Halbuki möminlər üçün Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədilə görülən hər iş sevinc və xoşbəxtlik mənbəyidir. Möminlərin bu sevinci imanın sevincidir.
İmanın sevinci səmimi sevinc hissidir, qəlbində həqiqi iman olmayan insanlar bu sevinc hissini təqlid edə bilməzlər. Çünki bu, Allahın rizasını, rəhmətini və əbədi cənnət həyatını ümid edən möminin qəlbinin Allahdan gələn sevinclə dolmasıdır. Möminlərin dünya həyatındakı sevinc dolu həyatı Rəbbimizin izni ilə cənnətdə artaraq davam edəcək.
Ülviyyə Əlizadə