http://s017.radikal.ru/i405/1601/36/333ddbb0f8b0.jpg

Lamiyənin uşaq istəməməsi Səfəri həm təəccübləndirdi, həm də arvadından şübhələnməyinə səbəb oldu:
– O nə deməkdir? Uşağı niyə istəmirsən?

Lamiyə səhvini indi başa düşdü. Özünü ələ aldı.
– Yəni, demək istəyirəm ki, təzə barışmışıq. Uşaq üçün tələsməyin mənası nədir?

– Hər ehtimala qarşı gedək. Bəlkə ikimizdən biri problemliyik? İndidən üstünə düşək. Həkimlə danışmışam. Daha gecdi.
– Gərək mənimlə məsləhətləşərdin.

Səfər Lamiyənin üzünə baxmadı, çayından bir qurtum içdi, sözünə davam etdi:

– Gələn dəfə məsləhətləşərəm.

Artıq nə isə demək mənasız idi. Lamiyə yaxşı bilirdi, hansı həkimə getsə, gec-tez uşaq doğduğu üzə çıxacaq, Səfər də onu boşayacaq.
***

Cəmilə qızı Aybənizin yanında ev telefonundan kiminsə nömrəsini yığıb zəng etdi. Dəstəyin o biri tərəfindən bir kişi cavab verdi.
– Allo
– Salam Qalib. Necəsən?
– Cəmilə? Səsini eşidək. Haralardasan?
– Başım bir az qarışıq idi. Çoxdandır qohum-əqrabalardan xəbərim yoxdur. Dedim birinci səndən başlayım.
– Həmişəki kimi zarafatından geri qalmırsan, dayı qızı. Yeznə necədir?
– Yəqin yaxşıdır.
– Bıy, Necə yəni yəqin? Başa düşmədim.
– Telefonda rahat danışa bilmirəm. Bugün vaxtın var?Görüşə bilərik?
– Əlbəttə, o nə sözdü? İşdəyəm. Günorta gələ bilərsən?
– Hə, gələrəm
-Oldu, gözləyəcəm səni. Görək nə məsələdir.
– Yaxşı sağ ol.
– Sağ ol.

Cəmilə telefonun dəstəyini yerinə qoydu. Aybəniz şübhəylə anasına yaxınlaşdı.
– Qalib dayıya niyə zəng elədin?
– Öz işinlə məşğul ol.
– Düz deyirsən. Bir-iki səhvim var. Gərək onlara düzəliş verim. Baxmada dörd səhv bir düzü aparır.
– Hansı səhvlərdən danışırsan?
Aybəniz dərindən nəfəs aldı – Düzünü deyim ana, atamla münasibətlərinizə baxıram…
Aybəniz susdu, cümləsini bitirməyi məsləhət bilmirdi.
Cəmilə – Sonra?
– Atam onsuzda gec-tez səndən boşanacaq. Daha doğrusu, səni boşaması üçün əlindən nə gəlir onu edirsən. Nə məcbur idi açıb düzünü danışasan?
– Sən belə şeyləri bilmərsən?
– Özün də bilirsən ki, atam xəstədir. Fikirləşmirsən ki, ürəyinə yük düşər?
– Narahat olma, atan arsızdır. Ona heç nə olmaz.
Cəmilə otağına getmək üçün qonaq otağından çıxdı, qızına baxa-baxa pilləkanları qalxdı.

***

Eldar Fidanı və oğlunu görmək üçün evə gələndə, qapını onun üzünə açan Qadiri görəndə təəccübləndi. Qapıdan içəri girib, salamsız-kəlamsız Qadirə dedi.
– Səni bu vaxt burda gözləmirdim.

Qadirin yerinə qucağında oğlunu saxlayan Fidan cavab verdi.
– Mən çağırmışam. Uşağa bir-iki şey lazım idi. Sağ olsun Qadir, zəng edən kimi gətirdi. Sənə də zəng eləmişdim. Telefonun sönülüydü.
– Hə, ola bilər.
Qadir – Cangüdən necədir?
– Yaxşıdı. Axşam xəstəxanadan çıxacaq.
– Evləri tanış makler vardı, demişəm.
– Nə deyir?
– Deyir gərək evlərə baxsın, qiymət qoysun.
– Nə gözləyirik, gedək. Bir də Fidan,iki gündən sonra Rəşadgil də gəlir. Biz gələnəcən qapını heç kimə açma. Gedək, evləri də göstərək, bir də… Görək əlində bizim yaşamağımız üçün ev varmı?

Eldar tərs-tərs Fidana baxdı. Fidan da ərinin baxışlarından narahat oldu. Eldarın şübhəli baxışları Qadirin də diqqətindən yayınmadı.
Eldarla Qadir evdən çıxan kimi Fidan qapını açarla bağladı.

***

Lamiyəylə Səfər klinakaya gəldilər. Səfər qeydiyyat şöbəsinə yaxınlaşdı.
– Salam. Bizə Lətafət xanım lazımdır.
Şöbədə oturan qız sual verdi.
– Ad-soyadınız nədi?
– Səfər Kərimov.
– Buyurun. İkinci mərtəbə.

Lamiyə həyəcanlı idi. Səfərlə ikinci mərtəbəyə çıxdılar.

Səfər Lətafət həkimin qapısını döyüb içəri keçdi. Lamiyə də onun arxasınca. Lətafət – Səfər? Necəsən? Anangil necədi?
– Şükür, yaxşıdılar. Siz necəsiz?
– Şükür, səhərdən axşamacan xəstəxanadayıq.
– Tanış olun, yoldaşımdır, Lamiyə.
Səfər Lamiyəni başıyla işarə elədi. Lamiyənin gərginliyi həkimin gözündən qaçmadı.
Lətafət Lamiyəyə – Niyə gərginsiz?
– Buraların havası məni boğur elə bil.
Həkim maraqlı baxışlarla Lamiyəyə baxır.
– Bəlkə hamiləsiz?

Səfər də təəccüblə arvadına baxdı.
Lamiyə – Yox, sadəcə uşaqlıqdan dərman iyini götürə bilmirəm. Bir az həssas insanam.
Lətafət – Aydındır. Sən burda gözləməli olacaqsan Səfər. Lamiyədən analiz götürməliyik.
Səfər – Əlbəttə, narahat olmayın. Sonra səni Tofiq həkimin yanına göndərəcəm.

Lətafət həkimlə Lamiyə otaqdan çıxdılar. 20 dəqiqədən sonra Həkimlə Lamiyə qayıtdılar.
Lətafət – Analizlərin cavabını iki gündən sonra götürə biləcəksiz. Səfər, sən qalx üçüncü mərtəbəyə. Tofiq həkim səni gözləyir.
Səfər – Yaxşı.
Lətafət həkim – Zəhmət olmasa, qapını da ört.

Səfər çıxanda qapını örtdü. Lətafət şübhəylə Lamiyəyə baxırdı. Lamiyə Lətafət həkimin baxışları altında elə bil özünü əzilmiş adamlar kimi hiss edirdi.
Lamiyə – Mənə niyə elə baxırsınız?
– Siz əvvəllər hamilə qalmamısız?
– Xeyr, qalmamışam.
– Dəqiq?
– Dəqiq.
– Sizə baxan Xəyalə xanımın hardasa on beş il təcrübəsi var. Demək olar, peşəkar həkimlərimizdəndir.
– Bunu mənə niyə danışırsız?
– Siz dəqiq uşaq doğmamısız?
– Bu nə sualdı? Uşaq doğsam, daha bura niyə gəlirəm?
– Sizə baxan Xəyalə həkim əmindir ki, siz bir dəfə uşaq dünyaya gətirmisiz.

Lamiyə fikirləşmədən etiraz etdi, səsinin tonunu bir az qaldırdı:
– Yalandır.
– Niyə qışqırırsız? Siz mənə düzünü danışın.
– Nə düzü? Mən nə hamilə olmuşam, nə də ana.

Lətafət həkim susdu, diqqətlə lamiyənin gözlərinə baxdı.

Səfər on beş dəqiqədən sonra həkimin otağına qayıtdı. Səfəri görən Lamiyə ayağa qalxdı.
Lətafət Səfərə – İki gündən sonra gəlib analizlərin cavablarını götürərsən. Yoldaşını da gətirərsən. Lazımdır.
Səfər şübhəylə – Nə isə problem var?
Lətafət gülümsədi – Yoox, narahat olmayın. Qorxulu heç nə yoxdur. Rəfiqə xanım var, o da yoxlamalıdır.

Səfər – Həə, başa düşdüm. Gələrik.

Lamiyə başa düşdü ki, həkim onu qəsdən çağırır. Ona başqa həkim təzədən baxacaq və uşaq doğub-doğmaması dəqiqləşəcək.
***

Cəmilə qohumu Qalibin yanındaydı. Bir-birinin qarşısında əyləşib çay içirdilər.
Qalib Cəmilənin danışdıqlarından sonra əda ilə, arxayınlıqla gileylənməyə başladı.

– Onsuzda Kərimdən elə də razı deyildim. Sənin xətrinə göz yumurdum. Madam boşanacaqsız, yəqin ona vəzifə də lazım olmayacaq .
– Kərim başa düşmür ki, mən yoxamsa vəzifə də yoxdur.
– Çalış yenə də boşanma.
– İki ayağını bir başmağa dirəsə neyniyə bilərəm? Məni başqa qadına görə boşayır. – Düzdür e, vəzifədəkilərin çoxunun kənarda qadını var. Bu o demək deyil ki, boşanmağımız şərtdir.

Cəmilə təəccüblə Qalibə baxdı: – Boşanmağımız? Yoxsa səndə…
Qalib Cəmilənin cümləsini tamamlamağa qoymadı.

– O mənada demirəm. O dəqiqə yozursan. Siz qadınlar beləsizdə, yüz söz deyəsən xeyri yoxdur. İstədiyiniz kimi düşünürsüz, sonra da ömürlük o düşüncədə qalırsız. Niyə yalan deyim, başqa qadına görə evdəkiləri boşamaq axmaqlıqdan başqa bir şey deyil.
– Kərim elə bilir ki, məni boşasa ağ günə çıxacaq? İmkan vermərəm. Vallah, imkan vermərəm.
– Narahat olma, heç nə edə bilməz. Biabır edərik. Ağlı başına gələr, suyu süzülə-süzülə evinə qayıdar.

Bu zaman Qalibin cib telefonuna zəng gəlir. Qalib telefona cavab verməli olur.
– Allo.
Telefonda kim nə deyirsə, Qalibin üzünün ifadəsi dəyişilir, diqqətlə Cəmiləyə baxır.
Qalib telefondakına – Yaxşı.
Qalib ayağa qalxır, telefonu masanın üstünə atır.
Cəmilə – Nə olub?
– Kərim könüllü işindən ayrılıb. Ciddi-ciddi səndən boşanmaq istəyir ki!…

Cəmilə kədərləndi, biruzə verməməyə çalışdı, bacarmadı;
– Deməli, bu qədər asandır!…
***

Səfər maşını Evin qabağında saxladı. Lamiyə maşından düşdü.
– Mən də gələrdim. Bilirsən, anan da, bacın da məni görmək istəmir.
– Narahat olma, bilirəm.
– Yaxşı, sağ ol.
Lamiyə maşının qapısını örtdü. Evin qapısını açıb içəri girəndə anası Aynuru qarşısında gördü.
– Ana, sənin burda nə işin var? İçəri necə girmisən?
Aynur – Çoxdandır ananı görmürsən. Öpüb-qucaqlamaq yerinə bu nə sözdür?
– Sən allah bağışla. Xəbər eləməmiş gəlmisən, gözləmirdim.

Lamiyə anasıyla görüşüb, qucaqlaşdılar.
Lamiyə – Evin açarı səndə varıydı?
– Nə huşsuz qız olmusan belə? Açarı özün verməmişdin?
– O qədər fikirliyəm ki!… Dünən yediyim bugün yadımdan çıxır.
– Yenə nə olub?
– Bugün həkimə getmişdik. Həkim uşaq doğmağımdan şübhələnir. Mənə çox sual Verdi.
– Boynuna aldın?
– Yox.
– Narahat olma, həkimlə danışaram. Lazım olsa pul da verərik. Bir dəqiqə, sən məndən pulu buna görə istəyirdin?
– Yox, onu başqa həkimə görə istəyirdim. Bugünkü həkimə pul təklif etmək də bir az qorxuludur. Cəmiləni də tanıyır.
– Narahat olma qızım. Pulun susdurmadığı ağız yoxdur. Başqa həkim nə məsələdir, onu danış mənə.

Lamiyə diqqətlə anasına baxdı…Düzünü danışmaqdan başqa yolu yox idi.
***

Səfər evə gələndə qapıda bacısıyla rastlaşdılar. Aybəniz gedəcəyi yerə tələsirdi.

Səfər – Harasa tələsirsən?
Aybəniz – Yox. Qapıda dayanma, keç içəri?
– Kim var evdə?
– Dayəylə uşaqdı. Bir də xadimə.
– Onda həyətdə danışaq.

Aybəniz evin qapısını örtdü.
Səfər – Gecə evdə nə olub?
– Bilmirəm. Mətbəxin pəncərəsindən gördüm ki, atamız anamızı hovuzda boğur.

Səfər təəccübləndi: – Niyə?

Aybəniz başa düşdü ki, atası Səfərə heç nə deməyib. Özü də danışmaq istəmirdi.
– Bilmirəm. Onları ayırmaq üçün özümü hovuza tulladım. Bu ona deyirdi səni boşayacam, o buna deyirdi səni boşayacam. Nə bilim…
– Yəni barışmağa yer qoymayıblar?
– Məncə, yox… Hamısı o qadının ucbatından oldu.
– Hansı qadının?
– Nə bilim e, atamız birini saxlamırdı? Təhminəydi, nə zibildi. Deyəsən, ata onu tapıb, əlaqə saxlayıb. Anamız da bunu eşidib, aləmi qatıb bir-birinə. Axşam bir yerdə restorana getmişdilər. Aralarında nə söhbət olub bilmirəm, qayıdanda gecə 41-45 müharibəsi oldu.

Səfər fikirli halda dilləndi: – Atamın Təhminəni yığdığını anama kim deyib?
Aybəniz kinayə ilə dedi: – Kim olacaq? Sənin gözəlçən!…

Səfər tok vurmuş adamlar kimi oldu. əsəbdən gözləri doldu.
– Mən demişdim axı, aramızda qalsın.Deməli belə…
Səfər bacısıyla sağollaşmadan yanından hirslə ayrıldı. Aybəniz qardaşı həyət qapısından çıxanacan arxasınca baxdı, köks ötürdü. Sonra telefonunu çantasından çıxartdı, nömrələri yığdı.

– Hardasan? Gözlə gəlirəm.

***

Aynur qızının dediklərini eşidəndə səsini qaldırdı, qapının ağzında kimsə olsaydı, Lamiyənin danışdığı həqiqətləri eşidərdi.
Aynur – Sənin başın xarab olub. Axı, bundan sonra sənin nəyinə lazımdır, o uşaq Səfərdəndir, yoxsa o, alçaqdandır.
– Qurban olum, səsini başına atma. Eşidən-bilən olar. Onsuzda aləm qarışıb bir-birinə.
– Zamana zəng elə, de ki, test lazım olmadı. Ay axmaq, bugünə bax, keçmişin üstündən birdəfəlik xətt çək. Bunu sənə neçə dəfə demək olar?
– Daha gecdi, bəyaq Zamana mesaj yazmışdım. İndilərdə gəlməlidir.
– İndi ifritə qaynanan da gələr, nə zibilin varsa, ortaya çıxar. Tutaq ki, uşaq Səfərdəndir. Neyniyəcəksən?
– Heç nə, bir yol tapıb geri qaytaracam.
– Ay sağ ol! Səfər də, ailəsi də sənə afərin deyib, başlarına çıxadacaqlar – Aynur əl çalıb qızına əsəbdən lağ etdi.
– Neyniyim? Ürəyim dözmür. Sən necə mənim üçün narahatsan, mən də balam üçün narahatam.
– İstəsən də o uşağı ala bilmərsən. Yer-göy ağlasa da ala bilmərsən.
– Niyə?
– Ərinin keçmiş nişanlısı sənə uşaq verər?
– Uşağın atası kimdir bilinsin, sonra növbə ona da gələcək.

Bu zaman evin qapısı döyüldü.

Lamiyə – Zamandı.

Lamiyə qapını açdı, Zamanı içəri dəvət elədi.
– Keç içəri, görən olmasın.
Zaman evə girdi. Lamiyə qapını örtdü, nə fikirləşdisə, yenidən açdı. Gözüucu küçəyə baxdı və özünü itirdi. Yola çıxan küçədə Tahiri gördü. Şübhəylə Lamiyəyə baxırdı. Lamiyə qapını örtüb həyəcanla anasının yanına qaçdı.
– Burdadı. Zaman, Tahir səni gördü.
Aynur – Onun burda nə işi?
– Bilmirəm.
Lamiyənin gözləri doldu.

Aynur – Ağlama, sakitləş – deyib qapıya tərəf getdi. Qapını açanda qarşısında Cəmiləni gördü. Zaman Cəmiləni görəndə Lamiyəylə arasında məsafə saxladı.
Cəmilə onu görüb özünü itirən qudasını başdan ayağa süzdü, kinayə ilə dedi:
– Xoş gəlmisən.
Cəmilə içəri girəndə gəlini Lamiyənin yanında yad kişini gördü, təəccüblə və şübhəli baxışlarla Zamandan soruşdu….

– Sən kimsən?

Ardı var…