Qadın hikməti…
Şimal okeanın əridə bilər,
Topal arzuları yeridə bilər.
Dünya savaşını kiridə bilər.
Bir qadın zəkası, qadın hikməti.
Kimdir qadın? – Ülvilik, zəriflik təcəssümü, məsumluq nişanəsi, lazım gəldikdə övladı üçün həyatını təhlükəyə atan ana, insanları həyat məktəbinə hazırlayan müəllimə, Allahın xeyir duasını almış bəndə, İnsanların sağlamlığına xidmət edən həkim, yer üzündə ədalətin bərpası üçün çalışan vəkil, gözəl sözləri ilə həyatın rəsmini çəkən şair və ən əsası Vətənini sevən bir vətəndaş. Elə bir vətəndaş ki, əlində imkan olsa bütün dünyanı sülhə, əmin-amanlığa qərq edər. Həqiqətən də dünya savaşını durdurar.
Hansı hikmət var bu qadında? Zaman-zaman ədəbiyyatlarda qadına aid ən gözəl sözlər, misralar düzülmüş, mahnılar bəstələnmiş, etiraflar səsləndirilmişdir. Tarixin min illik süzgəcindən keçib gələn Türk Dünyasının Və bütün dünyanın ən güclü ədəbiyyat salnaməsi Kitabi-Dədə Qorqud dastanında qadına, anaya hörmət, ehtiram, məhəbbət dəfələrlə vurğulanmışdır. Bu ondan irəli gəlir ki, zərif cinsin nümayəndələrinə hələ ulu babalarımız da xüsusi hörmət və ehtiramla yanaşmışdırlar. Dünya tarixində bir çox günlər bayram kimi qeyd olunur. Həmin günlərdən ən önəmlisi isə 8 Mart – qadın və gözəllik bayramıdır. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin “qadın bayramı”nın qeyd olunması daha qədim tarixə malikdir.
Belə ki, hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi.
1917-ci ildə rusiyalı qadınlar “Çörək və Sülh” şüarı ilə küçələrə çıxdılar. 4 gün sonra II Nikolay taxtdan düşdü. Müvəqqəti hökumət qadınlara seçmə hüququnu zəmanət etdi. Bu hadisə 8 mart tarixinə təsadüf etmişdi. Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur.
1977-ci ildə BMT 8 martı “Beynəlxalq Qadınlar Günü” kimi elan etdi bu bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü.
Qadınlar xarakter baxımından bir-birinə bənzəməz: – zəifi olur, güclüsü olur. Onları birləşdirən yeganə bir ad var – ana adı! Bütün qadınlar gözəldir. Hələ bir də ki, Azərbaycan qadını. Bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmiş qadınlarımız.
Azərbaycan qadını dünyaya mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. bizim üçün ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Dövlət quruculuğunda Azərbaycan qadınının yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir.
Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…”
Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu da onu göstərir ki Dövlətimiz tərəfindən xanımlara xüsusi diqqət və qayğı göstərilir. Qoy gülüş üzünüzdən əskik olmasın. Hər bir xanıma əsil qadın səadəti, qadın xoşbəxtliyi arzulayırıq. Həyatın bütün gözəllikləri sizinlə olsun. Çünki Azərbaycan xanımları ən ülvi məhəbbətə, ən gözəl sözlərə, xoşbəxt olmağa layiqdirlər. Əziz xanımlarımız bu bahar çağında bizi qarşılayan 8 mart Beynəlxalq qadınlar bayramınız mübarək!