neriman-hesenzade

* * *

Yuxun qaçdı evdə yata bilmədin,
torpaqda yat, torpaq quzum, a laylay.
Gizli-gizli ufuldadın, inlədin,
Oyaq qalan yuxusuzum, a laylay.

Güzgü kimi zərif idi gül üzün,
insafdımı torpaq altda çürüsün?!
Duman gəlsin qəbristanı bürüsün,
duman sənə örpək olsun, a laylay,
Torpaq sənə döşək olsun, a laylay.

Yanımdaydın, yaşayırdıq bir babat,
yuxularda gah doğmasan, gah da yad.
Ayılıram-nə sən varsan, nə həyat.
Yuxularda görüşənim, a laylay.
Yaxın ikən gen düşənim, a laylay.

Laylay dedim,beşik dedim məzara,
daş gətirdik, saldıq səni hasara.
Ha yalvardım, ha çağırdım ay Sa…ra!..
Darıxanda həyanımız, a laylay,
Ayrı düşən ünvanımız, a laylay.

DAŞI SEVMƏLİYİK BİZ İNDƏN BELƏ

Gül gətirdim, çiçək qoydum üstünə,
Gül sənindi, yer sənindi, sən mənim.
Sara

Yenə qəbristana düşübdü yolum,
Daş yonur, qum tökür burda ustalar.
Anana baş daşı qoyurlar oğlum,
Səndən xatirədi
məndən yadigar

Oğlundan,ərindən…
Son borcumuzdu,
Qalan borclarımız bir yan qalsın.
O, həyat aşiqi, o, yer qızıydı,
Qoy ondan yer üstə nişanə qalsın.

Həyatda bir sirr var, inan, ay oğul,
Bu sirr açılmayıb qədimdən belə.
Daşdan yonulubdu anan, ay oğul,
Daşı sevməliyik biz indən belə.

Nə deyim, sağ olsun heykəltəraşı,
Gör necədüz verib o gözü, qaşı.
Saçları örpəyin altından çıxıb,
Tək nəfəs verməyi yadından çıxıb.

Bu sirdi, gör necə dəyişir insan,
tanınır, tanınmır…
yaxşı bax, oğlum.
Mənim daş qadınım, sənin daş anan
Bizi qoymayacaq daşlaşaq, oğlum.