Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Bənövşəm
Gözün aydın, yarpağına yaz qonub,
Yanaqların ala dönüb, bənövşəm.
Çölə salıb kəpənəyi həsrətin,
Qanadında xala dönüb, bənövşəm.
Duruşundan ləyaqətin bəllidi,
Rayihəndən çox aşiqlər dəliydi,
Bu çəmənin ən füsunkar gülüydü,
Həsrətindən kola dönüb bənövşəm.
Səni görən qəlb götürüb yüyürüb,
Ətrafını tər məhəbbət bürüyüb,
Mələkləri göydə heyrət bürüyüb,
Aşiqlərin lala dönüb, bənövşəm.
Ürəklərə atəş düşür, köz gəlir,
Dodaqlardan ahlar qopur, söz gəlir,
Sənə tərəf cığır düşür, iz gəlir,
Hüzurun bir yola dönüb, bənövşəm.
Məcnun necə qorumasın Leylisin,
Arı gəlir – itiləyib iynəsin,
Bu kol səni qısqanmasın neyləsin,
Dodaqların bala dönüb, bənövşəm.
Cəh-cəh vurub, bülbül səndən söz çəkir,
Gir qəlbimə, yazda gecə tez çökür,
Şah bildiyin hüzurunda diz çöküb,
Məmməd Qədir qula dönüb bənövşəm…
Havalandı
Əsdi xəfif – xəfif bahar yelləri,
Köhnə ocaqlarda köz havalandı.
Arı pıçıldadı saf niyyətini,
Qönçənin dilində söz havalandı.
Bir sevgi nəfəsi gətirdi külək,
Utanıb tər tökdü gül ləçək – ləçək,
Sevdalı – sevdalı süzdü kəpənək,
Güllərin gözündə naz havalandı.
Qabardı sinələr yaz nəsimində,
Dodaqlar lal oldu eşq tilsimində,
Çalındı könüllər sevda simində,
Kaman inildədi, saz havalandı.
Görüş yerlərinə döndü söyüdlər,
Öldü nəsihətlər, sındı öyüdlər,
Gecəyə didərgin düşdü igidlər,
Yenə neçə-neçə qız havalandı.
Sındı qış qüruru, diz çökdü sazaq,
Xəzəl taleyindən dirildi yarpaq,
Qaranquş qanadı geyindi torpaq,
Quru kötüklərdə yaz havalandı…
Qoruyur
(56yaşıma yazdığım şeir)
Yaş gəldikcə yaş üstünə,
Quruyur canım, quruyur.
Günəş doğmur səhər mənə,
Üfüqdə danım quruyur.
Elə düşüb dərd izimə,
Gəlib çıxıb dəhlizimə,
Gördüyüm sığmır gözümə,
Damarda qanım quruyur.
Tale gəzdim gündüz şamla,
Məzələnir bürc adamla,
Bəxti qıymır bircə damla,
Nəhrim, ümmanım quruyur.
Mən də uduzdum oyunu,
Fələklər ölçür boyumu,
Zaman kəsibdi suyumu,
Yamyaşıl insan quruyur.
Yaşamağın dəlisiydim,
Bir cırtdanın şələsiydim,
Mən çoxdanın ölüsüydüm,
Məni məhəbbət qoruyur…
Söz
Söz canımdan cücərən,
Çiçəyimdi, otumdu.
Gecə söz otarıram,
Növbəmdi, nobatımdı.
Hərdən söz susur gəlir,
Yatır, yuxusu gəlir,
Yanıq qoxusu gəlir,
Yanan yeddi qatımdı.
Misra – misra quraşdır
Ürək çilə, qarışdır,
Söz alnımda qırışdı,
Ürəyimdə çatımdı.
Söz atlı, mən piyada,
Söz çapıram röyada,
İtkin düşsəm dünyada,
Şeir qara qutumdu.
Çəkib naxış, zər sözə,
Tökürəm qan-tər sözə,
Can qoyuram hər sözə,
Hər şeir tabutumdu …