OVUNDUM
Gördüm bir kimsədən mənə haray yox,
Özüm öz dadıma çatdım, ovundum.
Dərdimi-sərimi qoyub bir yana,
Başımı başlara qatdım, ovundum.
Gah gizli, gah aşkar çəkdim acını,
Ram etdim ruhumun ehtiyacını,
Axıb yanağıma düşən damcını
Silib titrək əllə atdım, ovundum.
Əyilməz başlara bəlaymış inad,
Məni də qəlibə saldı bu həyat.
Laylaya, öyüdə yatmazdım bir vaxt,
Qədər sığalına yatdım, ovundum.
Gör nə arzuladım, nəyə qovuşdum,
Yovuşmaz günlərə naçar yovuşdum.
Bir dəli şimşəkdim, keçdim, sovuşdum,
Eləcə, içimdə batdım, ovundum.
Təbəssüm kimi
Burda asta danış, güllər inciyər,
Çiçəklər diksinər, hüşənər səsə
Bu nə eşq, nə ahəng, bu nə mənzərə,
Yaşıl bəyaz ilə girişib bəhsə.
Ürəyim kəpənək qanadı burda,
Qonur o budağa, qonur bu gülə,
Bəzəkli, həvəsli ağaclar ilə
Rəqs edib,
rəng verir hər əsən yelə.
Basdırın bahara, çiçəyə məni,
Bundan ayrı nə var cənnət adında?!
Şəkillərdə donan təbəssüm kimi
Qoy dünya beləcə qalsın yadımda.