İnsanlar, adətən, 2 qrupa ayrılır: “yaxşı insanlar” və “pis insanlar”. Mülayim, yardımsevər, mərhəmətli, dürüst, səmimi insanlar “yaxşı insanlar” qrupuna daxildirlər.
İnsanlar, adətən, 2 qrupa ayrılır: “yaxşı insanlar” və “pis insanlar”. Mülayim, yardımsevər, mərhəmətli, dürüst, səmimi insanlar “yaxşı insanlar” qrupuna daxildirlər. “Pis insanlar” qrupuna isə qatil və zalım insanlardan tutmuş yalan danışan, qeybət edən insanlara qədər bütün şəxslər daxil edilir. Sevilənlər isə məhz birinci qrupa, yəni “yaxşı insanlar” qrupuna daxil olanlardır.
Məsələ belə ikən niyə insanların bəziləri, hətta əksəriyyəti ikinci yolu seçir? Niyə sevmək və sevilmək əvəzinə, pislik edərək nifrət və sevgisizlik qazanmağı daha üstün tuturlar?
Hər insan həyatında bu cür insanlarla mütləq rastlaşıb. İnsanların ikinci yola üstünlük vermələrinin səbəbi hadisələri dünyəvi dəyərlərlə qiymətləndirmələridir. Bunu sadə misalla belə izah edə bilərik. İki nəfər düşünün, biri kasıb, digəri varlı olsun. Birinin heç nəyi, digərinin isə evi, maşını, vəzifəsi olsun. Var-dövləti ilə yanaşı, ikinci şəxsin qəddar və soyuqqanlı olduğunu düşünək. Belə olan halda, var-dövləti olmayan insan yaxşılıq etməkdən vaz keçir və “yaxşı insan olub nə qazanmışam?”, “Nə dəyər verilib ki mənə”, “Bax, filankəs pis adamdır, amma hər şeyi var” düşünərək pessimizmə qapılır. Bu, doğru olmayan seçimdir.
Allah Mülk surəsinin 2-ci ayəsində “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur…” deyə buyurur. İnsan heç vaxt unutmamalıdır ki, bu dünyada bizə verilən hər şey müvəqqətidir və imtahan üçün verilib. Bütün nemətlərin əsil sahibi Allahdır. Var-dövləti olan, üstün kimi görünən kimsələri isə Allah müəyyən hikmətlə yarada bilər:
Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik. (Məryəm surəsi, 74)
Hər birimiz bu dünyaya imtahan olunmaq üçün gəlmişik və yaxşılıq etməklə məsuluq. Yaxşılıq bu dünyada mövqe və pul əldə etmək üçün edilməməlidir. Yaxşılıq ancaq və ancaq Allah üçün, yəni Allahın sevgisini və razılığını qazanmaq üçün edilməlidir. Uca Allah isə bunun əvəzində səmimi cəhd edən qullarını Cənnəti ilə müjdələyir:
İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 82)
İnsan keçici dünya malına sahib olmadığına görə yaxşılıq etməkdən çəkinməməlidir. Əksinə, daha da şövqlənməli və israrla yaxşılıq etməyə, gözəl əxlaqı – Quran əxlaqını yaşamağa davam etməlidir. Bu gün dünyanın hər yerində müharibələr, qarışıqlıq baş alıb gedir. Bir-birinə yardım etmək istəməyənlər, zülmdən və ölüm qorxusundan evini, məmləkətini qoyub qaçan məzlum insanların üzünə qapısını örtənlər bir gün etdikləri soyuqqanlı hərəkətlərin hesabını
Allaha verəcəklərini unutmamalıdırlar. Müsəlman olan və Allaha iman gətirən şəxs isə keç vaxt belə məsuliyyətin altına girməz və dünyada axıdılan hər damla qandan məsul oldugunu bilərək yaxşılıq etməkdən əsla və əsla vaz keçməz.
Nə üçün yaxşı insan olmalıyam? Çünki məni Allah yaradıb, Allah yaxşılıq etməyimi istəyir, Allah yaxşılıq edənləri sevir. Yaxşılıq etmək həm insanın ruhuna zövq verir, həm ətrafındakı insanlara xoş təsir edir, ən əsası isə, insan səmimi olaraq etdiyi hər yaxşı əməlinin müqabilində axirətdə qarşılıq görəcək inşaAllah.
Yuxarıda yazılanlardan da belə nəticəyə gəlmək olar ki, heç bir “mənfi” hadisə, heç bir “mənfi” münasibət bizi “yaxşı insan” olmaqdan və gözəl əxlaqda qətiyyətli olmaqdan yayındırmamalıdır. Bu dünyaya gəliş məqsədimiz Allaha qulluq etmək və gözəl əxlaq göstərməkdir, beləliklə, pisliyə pisliklə yox, yaxşılıqla cavab verməliyik. Uca Allah bir ayəsində belə buyurur:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
Vəfa Məmmədova