Azərbaycan Dövlət Aqrar Universitetinin Menecment və aqrar marketinq kafedrasının assistenti, Universitet Tələbə Elmi Cəmiyyətinin sədri və dissertant Fərrux Rəhimov 24-25 mart 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir.
Qırğızıstan və Türkiyə Cümhuriyyətlərinin müştərək universiteti olan Manas universitetində baş tutan tədbir, Karasayev Bişkek İctimai Elmlər Universiteti, İ. Arabaev Qırğız Dövlət Universiteti, Cusup Balasagin Qırğız Milli Universiteti, B. Yeltsin Qırğız-rus Slavyan Universiteti və Qırğızıstan-Türkiyə Manas Universitetinin birgə əməkdaşlığı ilə və TİKA-nın dəstəyi ilə (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) təşkil edilmişdir. Tədbirin məqsədi informasiyanın əsas güc olduğunu və daha çox “qloballaşma” anlayışı ilə ifadə edilən yeni bir çağa qədəm qoyan sənaye cəmiyyətinin yeri “İnformasiya Cəmiyyəti”-nin almaqda olduğu və bütün bunların “Elm Əsri”-nin xəbərçisi olduğu müasir dövrdə magistrlər və doktorantlar arasında elmə marağın daha da artırılması və müxtəlif sahələrdə aktual problemlərin müzakirəsi idi. Antropologiya, Tarix, Sosiologiya, Fəlsəfə, Türk Dili və Mədəniyyəti, Elm və Əxlaqi Dəyərlər, Din, İqtisadiyyat, Maliyyə, Hüquq, Dövlət idarəetməsi, Politologiya, Beynəlxalq Əlaqələr, Coğrafiya, Ekoloji Problemlər və Sağlamlıq, İdman, Turizm, Sahibkarlıq, İdarəetmə və Təşkilat, İstehsal və Marketinq, Mühasibat və Maliyyə və s. bu kimi başlıqlar altında hazırlanan orijinal elmi tezislər hakim heyət tərəfindən təsdiqini aldıqdan sonra konfransda məruzə üçün qəbul edilmişdir. “Elm tutumlu iqtisadiyyatin formalaşmasında texnoparkların rolu – Azərbaycan Örnəyi” mövzusunda çıxış edən Fərrux Rəhimov müasir dövrdə ölkəmizin iqtisadi həyatında baş verən dəyişikliklər, texnoparklardan istifadənin vəziyyəti, çətinliklər və imkanlar barəsində əhatəli məlumat vermişdir. Fərrux Rəhimov məruzə etmişdir ki:
-Elmi yeniliklər həmişə iqtisadi inkişafın təməl şərti olmuşdur, lakin bu yeniliklərdən istifadə səviyyəsi tarixi dövrlər ərzində dəyişmişdir. Əgər əvvəllər geniş torpaq sahələrinə və zəngin təbii resurslara sahib olmaq iqtisadi inkişafın əsas şərti hesab edilirdisə, cəmiyyətin və iqtisad elminin sonrakı inkişafı elm tutumlu, əsasən informasiya kommunikasiya texnologiyalarına əsaslanan müasir iqtisadiyyatın yaranmasını zəruri etdi. Bu iqtisadi konsepsiya iqtisad elmində yayğın olan resurs yönümlü iqtisadiyyat, ekoloji iqtisadiyyat, ətraf mühitin iqtisadiyyatı, yaşıl siyasət və s. kimi müxtəlif istiqamətlərin ideyalarını özündə birləşdirir. Elm tutumlu iqtisadiyyatın sadalanan şərtlərə cavab verməsi, elmi yeniliklərin sürətli şəkildə istehsala tətbiqinin mümkünlüyü elm mərkəzləri ilə sənaye müəssisələri arasında çox sıx əlaqələrin mövcudluğunu tələb edir.
Təqdim olunan məqalədə müxtəlif sahələr üzrə araşdırmalar aparan alimlərin və həmçinin yeni fikirlərlə, innovativ ideyalarla zəngin tələbələrin cəmləşdiyi ali təhsil müəssisələri ilə müxtəlif sənaye və kənd təsərrüfatı müəssisələri arasında keçid prosesini sürətləndirən texnoparklar araşdırılmış, onların elm tutumlu iqtisadiyyatın formalaşmasında rolu və Azərbaycanda bu sahədə görülən işlər nəzərdən keçirilmişdir. Araşdırmada həmçinin, ənənəvi deyə biləcəyimiz iqtisadiyyatdan yeni iqtisadiyyata keçid məsələləri, innovasiyaların istehsala tətbiqinin iqtisadi əhəmiyyəti, elmi yeniliklərin istehsala tətbiqi mexanizmləri, texnoparklar və onlardan istifadənin səmərəliliyi kimi məsələlər öz əksini tapmışdır. Fərrux Rəhimov qeyd edib ki, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi müasir dövrdə aqrar sahəni araşdıran yeni fikirli, innovativ ideyalı, elmlə istehsalı birləşdirməyə çalışan zəngin bilikli gənclərə çox böyük ehtiyacı var.
Gənc tədqiqatçı tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən işlərdən bəhs etmiş, təşkil edilməkdə olan aqropark, Quşçuluq tədris mərkəzi, Bildirçin yetişdirmə mərkəzi, Qapalı və açıq balıqyetişdirmə labarotoriyaları, Maşın-traktor parkı və s. barəsində məlumatlar təqdim etmiş. Manas universiteti və ADAU arasında əməkdaşlıq imkanlarını müzairə etmək üçün baytarlıq, aqronomluq və iqtisadiyyat fakultələrin dekanları ilə təkbətək görüşlər həyəta keçirmişdir.
Şəfa VƏLİ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Gəncəbasar bölməsinin xüsusi müxbiri,
Gəncə