12962488_1518521525123844_528584684_o

Torpaq Nəğməsi

Ana torpaq, ilk məskənim, son yerim
Dağın, dərən mənə arxa , həyandı.
Boynubükük bənövşələr-kədərim,
Alovlanan lalələrin-həyamdi.
*
Üfüqlərin xəyalımın yoludu,
Hər qarışın müqəddəsdi, uludu,
Yanğım olsa, göylərinin buludu,
İstəyimi bir baxışdan duyandı.
*
Bir zərrən də səni məndə yaşatdı
Yaddan çıxsa bir yer adı, daş adı-
Küləklərin yaddaşıma daş atdı,
Mürgüləyən xatirələr oyandı.
*
Min il keçsə ömür sənə yad olmaz,
Sənsiz bir gün ürəyimdə od olmaz,
Nəm duyğular atəşindən od almaz,
Ha yelpiklə, ha alışdır, ha yandır.
*
Baş açmadım, heç bu necə sirr idi?
Eşqim dəcəl uşaq kimi kür idi.
Bir gözəli görən kimi kiridi,
Axşam, səhər yollarında dayandı.
*
Ana torpaq susdurmaqçün düşməni,
Al, güllə tək sinəsinə sıx məni.
Bir saz üstə zəfər adlı nəğməni,
Sazım, sözüm bu dünyaya yayandı.