ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990
Ağlama yaraşmır sənə göz yaşı,
Qurut gözləriyin yaşını, vətən.
Axı qalda gərək igidin başı,
Uca tut əyilməz başını, vətən.
*
Yamanca ağırmış Vətən, daşımız,
Onu qaldırmağa “dostlar” can çəkir.
Yox, daha oyanıb qan yaddaşımız,
Bizi azadlığa daha qan çəkir.
*
Zaman dost-düşməni bir-bir tanıdır,
Ölməyir Əsliyçün Kərəmlərimiz.
Sinəmiz Şəhidlər Xiyabanıdır,
Orda dəfn etmişik ərənləri biz.
*
Yolları uzundur özünü dərkin.
O yol igidlərin qanından keçir.
Sənin oğulların, Vətən, sevin ki,
Döyüşdə səndən yox, canından keçir.
*
Kökünün qədrini biləni varsa,
Nəsillər sabaha ümid daşıyır.
Azadlıq uğrunda öləni varsa
O xalqın yaşamaq haqqı yaşayır.
*
Qələbəyə saxla göz yaşlarını,
Azadlıq boylanmır sənə yad kimi.
O gün şəhidlər də baş daşlarını.
Düşmənə sıxacaq avtomat kimi.
*
Əyilməz başını uca tut ,Vətən
Azadlıq arzulu igidlərinlə.
Ömrü yaz ömrü tək qərənfilləşən,
Məzarı – and yeri şəhidlərinlə.