ŞƏHİDLƏR XİYABANI-19.01.2003.
Burda asta yeriyin
Burda asta danışın
Hər şəhid arzusundan
Od götürün alışın.
***
Bu yer haqla nahaqqın
Savaşından yaranıb.
Anam Azərbaycanın
Göz yaşından yaranıb.
***
Burda zirvə ömürlü
Ərlər, ərənlər yatır.
Canını bu torpağa
Qurban verənlər yatır.
***
Azadlığ ilk bahar
Havasında uyuyur
Anam Azərbaycanın
Laylasında uyuyur.
***
Azadlıq dünyamızdan
Onlar agahdır bu gün.
Məzarları bir xalqa
Ziyarətgahdır bu gün.
***
Hər məzarın üstündə
Qərənfil-ürək qanı
Bu qərənfil sevgilər
Mat qoyub bu dünyanı.
***
Gələcək nəsillərin
İçməyə and yeridir
Şəhidlər xiyabanı.
Azadlıq səmasının
Qızaran dan yeridir,
Şəhidlər xiyabanı.