Ceylan

İşdən çıxan kimi ətrafına baxmadan evə tələsirdi. Elə tələsirdi ki, az qalırdı yüyürərək evinə yetişsin. Heç kimi, bir bəni-növü-bəşər görmək istəmirdi. İmkanı olsaydı, bəlkə də, gözübağlı qaçardı evinə. Yolboyu nəqliyyatda da kimsəyə baxa bilmirdi, ya başını aşağı salır, ya da gözlərini yayındırırdı. Nə olmuşdu ona belə? Niyə dəyişilmişdi? Niyə özünə nəzarət edə bilmirdi? Artıq bu haqda düşünmək də istəmirdi, düşünməkdən də yorulmuşdu. Evinə çatanda rahatlayacaqdı. Son zamanlar özü üçün “kəşf” etdiyi rahatlama üsullarını yenidən tətbiq edəcəkdi ki, dincliyinə qovuşsun.
Binalarının qapısına çatanda tələsik içəri daxil olub liftə mindi və altıncı mərtəbəyə qalxdı. Nisbətən sakitləşmişdi, artıq bu saatdan sonra kimsəni görməyəcəkdi, mənzilin qapısını açıb içəri daxil oldu. Paltosunu çıxardıqdan sonra ilk gördüyü iş eyvana çıxıb saxladığı quşları yemləmək, su içirmək və qəfəslərini təmizləmək oldu. Quşlarını yedirərkən onlarla danışırdı da.
– Sizi ancaq axşamlar görə bilsəm də, mənə hədsiz sevinc bəxş edirsiniz. Bir oxuyun görüm hələ mənimçün. Eh, siz axşamlar oxumağı xoşlamırsınız axı, gərək səhərin günəşini görüb sonra cəh-cəh vurasınız. Onda da mən işə gedirəm. Amma nə yaxşı ki, varımsınız. Sizi seyr etmək belə mənə yetir.
Eyvandan çıxmadan əvvəl sevdiyi çiçəklərini-çin qızılgülü, ətirşah, beqoniyasını da suladı. Daha sonra kiçik otağında saxladığı sevimli pişiyinin yanına gəldi. Mavi rus pişik növündən olan bu pişiyin qısa tükləri, uzun sifəti, gümüşü rəngi vardı. Xaraktercə səssiz olub özünü sevdirmək üçün başqa pişiklər kimi səy göstərməzdi. O, əvvəlcə pişiyini qucağına alıb sığalladı, sonra yeməyini verdi, suyunu da qoydu. Pişik qarnını doyurana qədər ona xeyli tamaşa etdi. Bəli, o artıq özünə gəlirdi, beynindəki kabuslar yavaş-yavaş azalmağa başlayırdı. İrəlidə uzun saatlar var idi ki, o insanlarsız qalacaqdı və həmin saatları səmərəli istifadə etməli idi. Vanna otağına keçib yuyundu. Su ilə təmasdan gözəl nə ola bilərdi? Yenidən canlanırsan, ruhlanırsan, günün bütün stressini atıb yüngülləşirsən, dərin və rahat nəfəs alırsan, üstəlik ürəyində yeni bir həyat eşqi də oyanır. Boş yerə “su həyat mənbəyidir” fikri formalaşmayıb ki? Su elə həyatın özüdür.
Bunları düşünə-düşünə hamam xalatı əynində qonaq otağına keçdi. Telefonu götürüb iki ildir birlikdə olduğu qadına zəng etdi.
– Əzizim, necəsən? Bağışla məni, bu gün də görüşümüz alınmayacaq.
– Mən artıq deməyə söz tapmıram. Əgər fikrin məni bu cür uzaqlaşdırmaqdırsa, uzatmağın nə mənası var, anlamıram.
– Sakit ol, elə bir fikrim yoxdu. Sadəcə halımı anlamağını xahiş edirəm, mənə bir qədər zaman lazımdır. Yalnız qalmağa ehtiyacım var.
– Niyə axı sən mənə dərdini danışmaqdan qaçırsan? Məgər biz bir-birimizdən bu qədər uzağıq, bu qədər yadıq?
– Bu dərdi özüm də anlamıram, sənə də yüklənmək istəmirəm, başa düş.
– Və sənə lazım olan zaman nə qədər müddət davam edəcək? Artıq bir aydır ki, görüşmürük.
– İnan ki, mən də tez həll olmasını istəyirəm, məni bağışla…
Qadın telefonu söndürmüşdü, son cümlələri elə özü eşitmiş oldu. “Görəsən, nə vaxtsa qarşıma sual vermədən bir sözümdən anlayan qadın çıxacaqmı? Hələ sözsüz anlayan qadını xəyal etmirəm, eləsi nadir bir tapıntı olar Yer üzündə. Yaxşı ki, ailəli deyiləm, yoxsa mənə insanlardan qaçış çətin olardı, heç olmasa, bu cür sevdiklərimi uzaqda saxlaya bilirəm”, -deyərək özünü təsəlli etdi və mətbəxə keçdi.
Həll olunası ən çətin məsələ ilə üz-üzə dayandı. Son zamanların kabuslarından biri də yemək problemi idi. Ah, necə yeyəcəkdi axşam yeməyini? Səhərdən indiyə qədər sadəcə çay, su, qəhvə və bir-iki peçenye ilə başını aldatmışdı. Yenə yemək əzabları başlayacaqdı. Ət yeməkləri yeyə bilmirdi, onların görünüşünə belə ürəyi elə bulanırdı ki, öyüməkdən özünü güclə saxlayırdı.
Yadına gəldi ki, bir vaxtlar işdən evə qayıdanda özünə necə böyük həvəslə ət yeməkləri hazırlayırdı. Hətta bunun üçün xüsusi reseptlər də tapıb, yazıb öyrənmişdi. Aldığı dana ətini quş başından bir az daha böyük formada doğrayar, yağla birlikdə tavada yumşalana qədər qovurardı. Qovurmanın bişməsinə bir neçə dəqiqə qalmış duz, istiot əlavə edib üzərinə kəklikotu gəzdirərdi. Sonra ləzzətli ətri mətbəxi bürüyən qovurmasını gözəl bir boşqaba çəkər, ətrafını da xiyar və acı bibər turşusu ilə bəzəyərdi. İndi isə belə şeyləri nəinki görəndə, hətta düşünəndə belə əti ürpəşir, bədənini çiyrənmə bürüyür. Bax, yenə bunları düşündüyü üçün həmin hissləri yaşadı, diksindi. Amma yox, son günlər o yeni bir üsul kəşf etmişdi axı. Bu üsul ona bir şeylər yeməkdə nisbətən kömək edirdi. Soyuducuda həftə sonu marketdən almış olduğu meyvə-tərəvəzi çıxardı. Onları xüsusi canfəşanlıqla seçmişdi. Hər birinin təzəliyi, rəngi və özlərinə xas qoxusu üstündə idi. Əvvəlcə onlara xüsusi maraqla baxmağa başladı. Fikrində bu meyvə, tərəvəzlərin başqa planetdən olduqlarını, tutaq ki, Marsdan gətirildiyini xəyal etdi və hər birini tək-tək incələdi. Sonra isə onları bir-bir əlinə götürüb toxundu. Özünü lap bir yaşlı, hər şeyi kəşf edən körpə uşaq kimi zənn etməyə başladı. Portağalı, naringini, almanı, armudu bir-bir götürüb qoxulayaraq qoxularını ciyərlərinə çəkdi. Sonra dərin bir nəfəs alıb yenidən onları qoxuladı, sanki hər ətri yeni hiss edirmiş kimi bütün bunlardan zövq almağa çalışırdı. Meyvələrin hərəsindən bir dilim kəsdi, gözlərini yumaraq əvvəlcə portağal dilimini ağzına apardı, portağal dilimindən çıxan şirə ləzzətlə ağzında yayıldı. Gözlərini açdı, digər meyvə dilimlərini də bu qayda ilə yedi. “Oh, çox şükür, nəhayət ki, bitdi”-deyərək salona keçdi. Mədəsinə bir şeylər enmişdi. Üstündən böyük yük götürülmüşdü.
Artıq yatmazdan əvvəl edəcəyi işlərdən sadəcə biri qalmışdı. Musiqi dinləmək. Uzun zamandır nə televizor izləyə bilir, nə də qəzetlərə baxa bilirdi. Kitab oxumağı da azalmışdı.
Təkcə iş yoldaşının məsləhət gördüyü musiqiləri dinləyə bilirdi. Kabusları başlayanda ona narahatlıqlarından bəhs etmişdi, o isə belə hallara qarşı bəzi musiqiləri dinləməyinin kömək edəcəyini bildirmişdi, hətta hansı narahatlığa qarşı hansı musiqinin dinlənilməsi lazım olduğu haqqında məlumatlandırmışdı. Audio CD-ni işə salaraq bəstəkar Ferens Listin “Təsəlli” (Consolation Des-dur, № 3) fortepiano pyesini səsləndirdi. Özü isə divana uzanaraq əllərini başının arxasına qoydu. Sevimli rus mavisi də asta-asta gələrək sahibinin düz qarnının üstünə çıxdı. Musiqi bitənə qədər pişiyini oxşayaraq dinlədi. O qədər rahatladı ki! O cür əsəri dinləyərkən rahatlamamaq olarmı? İş yoldaşının canına dua oxuyub gözlərini yumdu, elə oradaca pişiklə birlikdə yavaş-yavaş yuxuya getdi.
Səhər saatın zənginə oyandı. Yatağından qalxıb geyindi, əl-üzünü yudu. Tez pişiyi və quşlarını yemlədi, sularını verdi. Sonra mətbəxdəki qutudan 2-3 peçenye götürərək evdən çıxdı. Yenə ətrafdakı insanlara baxa bilmirdi, ya başını aşağı salır, ya da baxışlarını qaçırırdı. İş yerinə bu şəkildə gəlib çıxdı. Əvvəlcə dəhlizdəki şkafdan iş xalatını əyninə geyindi, tibbi əlcəkləri taxdı, dərin bir nəfəs alıb verdikdən sonra iş otağına daxil oldu. Meyityarma masaları üzərində iki meyit yarılması üçün onu gözləyirdi.