BURDAN O YANA
Qəza-qədər bura qədər,
Burdan o yana başqadı…
Gül,çiçəklər burda bitər,
Burda solar,burda itər…
Burdan o yana gecələr,
Uzun-uzun yaddaşdadı…
Nə bir səmir,nə bir səda,
Tənhalıqdı yetən dada,
Keçən günlər düşməz yada,
Dünya atlı,sən piyada,
Çapıb atın gedər o da…
Görərsən ki,uzaqdadı!…
Qızılgüllər dəstə-dəstə,
Gəlib düşər qəbrin üstə,
Kimi dahi,kimi xəstə,
Ümid ölmür son nəfəsdə,
Günahkar bir sözün üstə,
Ötüb keçənlər daşladı…
Səbr elədim,dözdüm durdum,
Nə var səbirdən o yana?!..
Ümidsiz zamanı qırdım,
Bəlkə yatanlar oyana!..
Qəza-qədər bura qədər,
Burdan oyana başqadı !..
BIR UCDAN
I.Isyaslıya
Dünya qan çanağı,qətl meydanı,
Kəsilir mərdlərin başı bir ucdan…
Haqdan dikələnə haqq yiyə durmur,
Sökülür,dağılır daşı bir ucdan?!.
Əcəl macal verə,ömür gözləyə,
Çağıram dünyanı gələ düzlüyə,
Ölüm hökm eləyir ölümsüzlüyə,
Çoxalır dünyanın yaşı bir ucdan!..
Mənə nə!-deyənlər dolanır gendən,
Insanlar cin olub,seçilmir cindən,
Kafirlər söz açır imandan,dindən,
Axır gözlərimin yaşı bir ucdan…
Xaqani Ayxanam tor görür gözüm,
Ibrahim ,zəmanə deyir ki,dözüm,
Görmüsən dünyanın hər betər üzün,
Artır aramızda naşı bir ucdan!..
APARIR
Qaşıq-qaşıq yediyimiz,
Qana dönür,tər aparır!
Kimdir udan,kim uduzan,
Oyunçu ya zər aparır?!.
Dayan bir an,saxla ayaq,
Səssizlikdən batır qulaq,
Hər saralıb düşən yarpaq,
Özündə bir sirr aparır!..
Yaman qurub oyun quran,
Yoxmu buna yiyə duran,
Bu nə sirdir gedir karvan,
Karvançı ya nər aparır?!..
Budur dünyanın işləri,
Dəyişdirir yerişləri,
Dağdan ağır kişiləri,
Kəfən bükür,gor aparır!..