BAĞIŞLAMA
Keçirib qılınc altından,
Yalıncığı bağışlama!
Mərdləri salıb atından,
Alçağlığı bağışlama!
Vur namərdi ,vermə aman,
Vurub olsan da peşiman,
Fürsət tapsa əfi ilan,
Olur yağı bağışlama!
Çörəyi dizi üstündə,
Olan qalsın yaman gündə,
Düşmənə dərs ver,yerin de,
Yapalağı bağışlama !
Həsrətdən gözləri dolan,
Yurd-yuvası talan olan,
Şəhid qanıyla yoğrulan,
Bu torpağı bağışlama !!!
–ŞUŞA
Başının üstündə nəm çəkən bulud,
Suyunda gözümün suları Şuşa!
Acı zəmanədi ,qəhərini ud,
Göynəyir qəlbimin qubarı Şuşa!
Səndə əsrlərin yanğılı səsi,
Ovunmaz Seyidin,Xanın naləsi,
Böyük Üzeyirin ölməz həvəsi,
Qaldı Natəvanın məzarı Şuşa!
Lalələr göz açıb üzə güləndə,
Sənsiz çiçək açıb bahar gələndə,
Gözümün yaşını sənsiz siləndə,
Gələrmi könlümün baharı Şuşa?!
Çiçəklər çiçəyi xarıbülbülü,
Qoydu qəm içində yarı bülbülü…
Hicran atəşində sarı bülbülün
Düşməni kəsibdi yolları,Şuşa!
Sən könül eşqinin sultanı idin,
Qoca Qarabağın tərlanı idin,
Acı xəyanətin qurbanı oldun,
Tarix unudarmı bunları Şuşa?!.
SALAM AY İŞIĞI
Salam ay işığı ,salam
İşığında gözü dolan,
Burda dönüb adam olan,
Unudulmuş tənha qulam !..
Haqq və nahaq bilinəndə,
Haqqa tərəf gedən bəndə,
Ay ikiyə bölünəndə,
Buna şahid idim mən də!..
Salam ay işığı ,salam
İstəyirəm işıq olam,
Qayıdam yenə yanına,
Hopam canına,qanına…
Sonsuzluğda bir ağ yolam,
Az qalıram dəli olam…
Çək apar məni yanına,
Baxım dünyanın sonuna !..
ŞAİRLƏR ÖLMÜR
M.Müşviqə
Bu yaşda ölmək olmaz,
Hansı yaşda olur ki ?!..
Dərin yatan ayılmaz,
Can yuxudan doyur ki?!.
Oyatdılar yatanı,
Oyatmaqdan nə fayda?!
Yuxulara batanın,
Yarsı qaldı o tayda…
Dərin-dərin işlərin,
Açılmayan səhərin,
Ağrımayan dişlərin,
Acısı var bu sayda !
Nə yaşına baxdılar,
Nə başına baxdılar,
Ağlayınca sıxdılar,
Ürəyini bu boyda !..
Gözləri dolan ömür,
Yarıda qalan ömür,
Axı şairlər ölmür,
Barı bir bunu duy da !..