Ümid

Qorxma tikanından batsa əlinə,
Tikanlı qızılgül dərməyi öyrən
Öyrən pərvanətək şamı sevməyi,
Özünü gözümdə görməyi öyrən.

Bəlkə sevgi deyil, bu bir xəyaldı,
Xəyallar qoyununda bəsləyir məni.
Qəlbini dindirmə, bilirəm, laldı,
O da baxışıyla səsləyir məni.

Yenə öz-özümlə qalım baş-başa,
Yenə həmdərd bilim kədəri, qəmi.
Get öz taleyini özünçün yaşa,
Mənə ümid vermə sədəqə kimi.

Sevgi ucalığı

Çəkilib dar ağacına
Saralıb, solub ümidim.
Bircə telefon zəngindən
Asılı qalıb ümidim.

Qətlinə fərman verilib
Neçə arzu, diləyimin.
Məni asmaqçün hörülüb
Şah damarı ürəyimin.

Ucaldar məni bu sevda,
Ömrüm qalarsa yarıda.
Cismim sizdən aşağıda,
Ruhum sizdən yuxarıda.

2011

Getmək mümkün olsa…

Gözlərimdən gülüş,
qəlbimdən sevinc ayrılan kimi
ayrılıb getsəm uzaqlara,
yaralı ürəyimin qaysağını qoparan kimi
qoparıb baxışlarımı gözlərindən
gedərdim
mümkün olsaydı getmək…
Gedərdim yeni sevgilər olan yerə
gedərdim
məsələn
dənizlə göy üzünün öpüşdüyü
üfüq xəttinə tərəf
amma
ordan da
ayrılıq qoxusu gəlir
orda da
sevgi var
saflıq var
ölüm var…
Mümkün olsaydı getmək
ayrılığı tərk edərdim…