Vahid ƏZİZ
У природы нет плохой погоды,
каждая погода благодать…
“Служебный роман”
filmində olan mahnıdan
MƏNDƏN SORUŞMAYIN…
Baxma ki,heç nəyi yetişmir ələ;
əkirik,biçirik…hava batırır,
dünyanın ən bərbad havası belıə-
havasız məzardan min yol yaxşıdır,
Hava hökümdardı–göyün də rəngi
tutulub-açılır vaxt havasıynan,
mənimçün ən ağır hava odur ki,
içdəki uyuşmur bayırdakıynan,
Hərdən yayınmaqçün qarğaşalardan
başımı şəhərdən alıb gedirəm,
nə doğma,nə tanış,nə özgə olan
yerlərdə özümnən söhbət edirəm,
Çəmənlər bezmişdi leysan əlindən,
yağmurlar selləmə yuyub-keçdilər,
Gün çıxıb havanı dəyişdi həmən,
həmən də çəməni gəlib biçdilər!
Dünya yola verir uzanan qışı,
çillələr havanı gəlib düzəldir,
mənimçün payızın qəmli baxışı
yayın odlusundan daha gözəldir,
Nə isə…dünyada gözəldir hər şey-
istili,soyuqlu,qaralı,ağlı,
bir şeyi bilirəm–havadan giley
insan qəlbindəki havaya bağlı,
Adamlar,hər cürə havanı sevin,
yetər ki,tufandan uçmasın yuvan,
məndən soruşmayln-“Nə cürdür kefin?”,
soruşun-“Necədir içində havan?…”
KİMƏ İNANAYDIM SƏNDƏN SAVAYI?
Oldu param-parça doğma bir qayıq,
yas tutar üstündə tənha qağayı,
biz ki,bir ümmanın dalğalarıydıq,
kimə yan alaydım səndən savayı?
Söndüm şimşək kimi-dərd buludunda,
yatdım,çiçək kimi,şər qılığında,
özüm bilə-bilə yandım odunda-
kimi qısqanaydım səndən savayı?
O qədər hönkürdü-tutmur qədəmi,
daha intizardı canın həmdəmi,
canımı çəksən də sarmaşıq kimi,
kimə sarmanaydım səndən savayı?
Fələknən baş-başa nəyi bölürsən?
Ömür başa çatır-indi gəlirsən?!
Özünü günahkar nahaq bilirsən!-
Kimə aldanaydım səndən savayı?
Həsrət-nəqarətdir sənli fəryada,
yaşamaq müşküldür sənsiz dünyada
bütün dediklərin yalan olsa da-
kmə inanaydım səndən savayı?
Duymadım Günəş də haray salanda,
solmaq-daha gözəl sənsiz qalanda!
Nə olar hamıya Əziz olanda;
kimə boylanaydım səndən savayı…
Səninlə küsülü qala bilmirəm
Yalvara – yalvara arxanca gedib –
Biçarə qəlbimə gülübdür aləm .
Elə düşünmə ki mənliyim itib –
Səninlə küsülü qala bilmirəm .
Ümiddən danışma , onu üzmüşəm ,
Zamannan soruşma – tamam bezmişəm ;
Taledən küsmüşəm , bəxtdən küsmüşəm –
Səninlə küsülü qala bilmirəm .
Söndür bu şamı da çıraqsız qalım ,
Qələmsiz , kitabsız , varaqsız qalım ;
Lap bütün dünyaya maraqsız qalım –
Səninlə küsülü qala bilmirəm .
Hazıram sallanım dar ağacınnan ,
Əl çəkəm zəliltək kor ağacınnan ;
Qalaram yaşamaq ehtiyacınnan –
Səninlə küsülü qala bilmirəm .
Hardasan , yolumu haradan salım ?
Hansı dərdin ağır , hansını alım ?
Dağıt viran elə , xaraba qalım –
Səninlə küsülü qala bilmirəm .
Sınmadım , qalsam da hərdən ümidsiz ,
Dəfn etdim özümü sübut şahidsiz ,
Sən ilham pərisi , mən Tural Hali
Səninlə küsülü qala bilmirəm …