şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
QOYMARAM
Vətən eşqi canımda,
Damarımda, qanımda,
Odur xanimanım da,
Dağılmağa qoymaram.
Soykəndiyim dağımdı,
Gur yanan ocağımdı,
Çağlayan bulağımdı,
Soğulmağa qoymaram.
Yaşamaq həvəsimdi,
Ruhumdu, nəfəsimdi,
Haqq hayqıran səsimdi,
Boğulmağa qoymaram.
Balta çallam dizinə,
Tən gələrəm yüzünə,
Bir yağını üzünə,
Ağ olmağa qoymaram.
Ucal, üçrəngli bayraq,
Qələbədən ver soraq,
Dərdləri qalaq-qalaq,
Dağ olmağa qoymaram.
Şəhidlik arzu-muraz,
Kim deməz ki, mənə yaz.
Sinəndə çalın-çarpaz
Dağ olmağa qoymaram.
Namus, qeyrət – bu torpaq,
Yağı gəlməsin nahaq,
İstər QARA, istər AĞ,
Oğul, BAĞa qoymaram.
Ərşad NİHAD
YÜRÜ QARANLIQLAR ÜSTÜNƏ
Ana dediyimiz,
Vətən dediyimiz,
Müqəddəs Ocaq dediyimiz
bu torpağa
Daima səcdədə olduğumuzdan,
Bu torpağın üstündə yaşamırıq ki,
Sürünürük dizin-dizin.
Onunçün torpağın ətri
bizə daha yaxın olur,
daha tez çatır
Ətrindən çörəyin, duzun!
Sizlərsiniz gəşt edən
bu torpağın üstündə,
Sizlərsiniz yaşayan
hamımızdan üstün də.
Pıçıltı ilə “mən də varam” deməklə
Harayın, ünün kimsəyə yetməz,
atam-qardaşım,
Səsi kökləmək gərək
üst harayda, üst ündə….
Buqədərmi xoş gəlir
boğulmaq öz tüstünə,
durmaq öz qəsdinə?!
Pəncələrin üstündən
qalx ayaqlar üstünə….
Haydı, yolun açıq olsun,
Yürü, yürü, qardaşım,
qaranlıqlar üstünə….
DEMƏSİNLƏR…
Gör haçandı nəfəsin
Nəfəsimdən uzaqdı.
Çöldə yaydı, içimdə
Ruhuma hakim olan,
Soyuq qışdı, sazaqdı.
Bir can eylə canında,
Hey dolandır qanında,
Gəlim, saxla yanında,
Desinlər kimsəsi var, –
Deməsunlər yazıqdı.
Ürəyimə körpu sal,
Şadlıq eyləsin vüsal,
Ovundur, könlümü al,
Bircə təbəssüümünlə,
İliyimdən yaz axdı.
Boğulmaram ahında, –
Üzmədim günahında.
Tanrının dərgahında,
Şükür, bu günə kimi
Alın açıq, üz ağdı.
VƏTƏN VAR
Sərhəddəki səngərin,
Səngərdəki əsgərin,
Əsgərdəki hünərin,
Mayasında Vətən var!
Dolanmasan qaşında,
Saxlarmı yaddaşında?!
Bu yurdun hər daşında,
Qayasında Vətən var!
YAŞARAM
Hərə öz taleyini
Yaşar öz ölkəsində.
Sabahımı qurmaram
Özgənin “bəlkə”sində.
Yaşamaq mənlik deyil,
Kiminsə kölgəsində.
Belə yürüməkdənsə,
Ömrü sürüməkdənsə,
Sığınıb bir Simurqun
Qanadına, yaşaram.
Hisslərimlə oynama,
Ruhumu rahat burax.
Dağları kül eyləyən
Ahımı rahat burax.
Yağıya tuşladığım
Oxumu rahat burax.
Dünən olan dündədi,
Hələ savaş öndədi, –
Düşməndən alacağım
Qan adına yaşaram.
Bu yurda sahib çıxar,
Orduya tən ərənlər.
Düşmən üstə şığıyar
Dildə Vətən ərənlər.
Süngü-süngü biz variq,
Səngər-səngər biz varıq,
Ay görməzdən gələnlər, –
Məni yox sayanların
İnadına yaşaram.
Ərşadam, bir işim də
Eli şad eyləməkdi.
Düşmənə qılınc çalan
Əli şad eyləməkdi.
Zəfər himni oxuyan
Dili şad eyləməkdu,
Vətən, balanam, tanı,
Ömrü talanam, tanı…
Neçə dastan bağlayıb
Mən adına yaşaram.