Uilyam Folkner Nobel mükafatı alanda Nobel mükafatçısı Albert Kamyu onu təbrik etmək üçün Amerikaya gedir. Kamyu hələ Nobel almamışdı. Təntənəli məclisdə Alberti Folknlerə təqdim edirlər, lakin Folkner ona əhəmiyyət verməyib, sadəcə əllərini yelləyir. Albert uzun müddət kənarda dayanıb, Folkneri böyük şövqlə müşahidə eləyir və səssizcə vətəni Əlcəzairə qayıdır.
Əslində Folknerin eqosu Albert Kamyu ilə səmimi görüşməyə imkan vermirdi. Amma bir neçə il sonra Kamyunun dəfnində ən təsirli nitqi də Folkner edir və onu dünya ədəbiyyatının klassiki adlandırır.
Eləcə də F. Dostoyevski Nekrasovun dəfnində eyni tərzdə çıxış edir və onu A.S. Puşkindən böyük şair adlandırır. Dəfnə toplaşanlar etiraz edirlər: Puşkindən sonra. Dostoyevski yenə öz fikrində qaldığını israr edir: Puşkindən böyük.
Bu, o zaman idi ki, Nekrasov ən yaxın dostu Dostoyevski ilə küsülü olaraq həyata “əlvida” demişdi. Ən yaxın dostlar Nekrasov, Dostoyevski, Turgenev və Belinski son vaxtlar bir –birlərini danışdırmırdılar. Səbəb də bu idi ki, Belinski rus mətbuatında Dostoyevskini daha çox şişirdir. Dostlar bunu qəbul etmir və nəticədə küsülü qalırlar. Halbuki Dostoyevskini Belinski ilə Nekrasov tanış edib, onun istedadlı bir yazıçı olduğunu bildirib. Nəticədə Belinskinin Dostoyevskini dünyanın ən böyük dahisi kimi təqdim etməsi dostları narazı salır. Nəticədə Nekrasovun dəfnində Dostoyevskinin mükəmməl nitqi rus ədəbiyyatında baş verən bu qarabasmanı yoluna qoyur. Folkner də belə. Deməli, həyatda belə şeylər olur və olacaq. Təkrar həyatın çeşməsidir. Əgər bir hadisə baş veribsə, deməli, həyatda onun bir neçə oxşarı da mövcuddur. Sadəcə görmək lazımdır.
Azərbaycan ədəbiyyatında da belə idi. Əli Kərimin dəfnində Rəsul Rzanın məşhur çıxışı uzun müddət ictimai gündəmdə müzakirə olundu. Dünən adi şair kimi görünən Əli Kərim bu gün dahi kimi Göyçayda dəfn edildi. Əli Kərim bu haqda özü də gözəl deyib:
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?
Əli Kərim “Azərbaycan” jurnalının poeziya şöbəsinin redaktoru olub. Amma elə adamlara ön söz, təqdimat yazıb ki, onlar ədəbiyyatda qalmayıblar. İsa İsmayılzadə mənə danışırdı ki, Əli Kərimə şeir verirdik, amma Əli o şeirləri gec çap edirdi, ya da xoşuna gəlmirdi, bunu birbaşa demirdi, eləcə stolunun üstündəki vərəqləri guya o yan bu yana çevirib, şeirimizi axtarırdı və sonda bizə (Ələkbər Salahzadə ilə mənə) deyirdi, deyəsən itirmişəm, bəlkə yenisini gətirəsiniz?!
Bəzən çox sevdiyin şair sənə ədəbiyyatda mane olur. Şair olanlar üçün deyirəm. Sevdiyin şairin imperiyasından çıxa bilmirsən, onu təqlid, təkrar edirsən. Ona oxşayrsan, ona bənzəyirsən. Gərək şair şairi sevməsin öyrənsin, oxusun. Əli Kərimin ən çox oxuduğu türkiyəli şair Orxan Vəli olub. Onun şərəfinə kiçik oğlunun adını Orxan qoyub. Amma Əli Kərimin heç bir misrası da Orxan Vəliyə bənzəmir. Çünki Əli Kərim Orxan Vəlini öyrənib. Adam bir şeyi öyrənəndə təkrarlamır, sevəndə təkrarlayır. Necə ki, Ramiz Rövşəni sevən şairlər var, eynən onun kimi şeirlər yazırlar, çünki sevirlər, təqlid edirlər, öyrənmirlər.
Bəlkə, elə Folkner Kamyunu görəndə əlini ona görə yelləyib. Əsas sözünü Kamyunun dəfn gününə saxlayıb. Dosteyevski də belə. Nekrasov öləndən sonra həqiqəti deyib. Rəzul Rza da…
Hələlik yenə nəsə gözlənilir… Sağlıq olsun, gözləyək!