rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Ramiz Qusarçaylıya

Ötsə yenə şıltaq havalar, bir yaya gəlsək,
Dost haylasa, biz də yığışıb bu haya gəlsək.

Bizdə belədir dosta məhəbbət ta əzəldən,
Gərəkdi səni dost dediyin dost saya, gəlsək.

Dost mehrinə, dost sehrinə möhtacdı könüllər,
Az, ya ki çoxuq-varmı bir hacət saya, gəlsək?

Enək düzünə, dərəsinə, dağına qalxaq,-
Kimdir ki, qoyan zəhməti getsin zaya, gəldək.

Bir qoşma deyək sərt qayaya Məmməd Arazdan,
Bir kəlmə ilə tərzimə dura qaya, gəlsək.

ODAY, di tez ol Ramizə bir ismarıc eylə,
Nolar yığışıb bir gecə QUSARÇAYA gəlsək?!