İlhamım yar olub qara buluda,
Çıxıbdı qəlbimdən, dönübdü yada,
Yağdıqca yağışlar, süzülür o, da
Daha necə yazım, daha nə deyim!
Daha yaşadıqca, durduqca burda,
Ruhum sığışmayır bu yerə, yurda,
Artıq kömək etmir təbil də, sur da,
Daha necə yazım, daha nə deyim!
İçimdə əsdikcə səmum yelləri,
Qəlbimi yalayır soyuq dilləri,
Könül də qaldırmır zindan əlləri,
Daha necə yazım, daha nə deyim!
Söylənən kəlmələr nifaq salırsa,
Rəngini dəyişir, tərs rəng alırsa,
Bu ürək xiffətə, qəmə dalırsa,
Daha necə yazım, daha nə deyim!?
21.10.2016