“Reket şair”lər… Bu ifadə ilk baxışda, bəlkə də, çoxlarına qəribə görünə bilər, hələ qulaqlarda qəribə səslənməsi bir tərəfə. Bu da təbiidir, çünki bu ölkədə “reket” adında çox zada rast gəlinib. Yəni son 20 ildə “reket jurnalist”, “reket məmur”, “reket” nə bilim nə, falan, filan çox məxluq gördük. Amma “reket şair” ifadəsi çoxları üçün bir az yeni oldu, məncə. Vallahi təəccüblənəcək bir şey yoxdur.
Ölkədə yeni bir “zümrə” – “reket şairlər” peyda olub. Hələ rayonlarda bu “şairlər”in at oynatmasını, onlara yüksək qayğının göstərilməsi və məclisin ən ali yerinə çəkilməsini demirik. Bəli, bəli, reket şairlərə nəinki rayonlarda, hətta Bakıda da rast gəlmək olur.
Doğrusu, bu mövzuda yazmaq istəməzdim. Çünki əksər hallarda dostlar adamı qınayır ki, belə qeyri-ciddi mövzularda yazmaqdansa, vaxtı daha sərfəli işlərə sərf etmək gərəkir. Amma neyləmək olar, bəzən adamda bu mövzularda da yazmaq və zövq almaq istəyi yaranır.
O gün dostlardan biri zəng edib hal-əhval tutduqdan sonra dedi ki, yanıma iki-üç şair gəlib və çox istedadlıdırlar. Dediyinə görə, “şairlər” yerli məmurların əslinə-nəslinə, babalarının ruhuna şeirlər həsr edirlər.
Məmurlar da onların hərəsinin cibinə on manat basıb yola salırlar. Şairlərin biri yoldaşlarından daha istedadlı görünmək üçün deyib ki, Məşhədə gedənləriniz, həciləriniz, mollalarınız, Rusiyada qəriblikdə olan qohumlarınız, rəhmətə gedənləriniz varsa, deyin onları da siyahıya salaq. Onlara da şeir, məqalə ithaf edib qəzet və jurnallarımızda dərc edək.
Hələ adamları xamlayıb əmi və dayılarına görə də pul alanlar var…İş orasındadır ki, bunları tədbirlərdə də, televiziya çəklişilərində də yaddan çıxarmırlar. Dost da eləməyib tənbəllik deyib ki, ərə getməyən 60 yaşlı bir xalam var. Bəs xahiş edirəm, alın bu 10 manatı ona bir şeir həsr edin, bəlkə, yazığın baxtı açıldı. Eşidənlər and içir ki, şeir yazılan kimi xala 48 yaşlı bir kişiyə ərə gedib. Doğrusu, şeirin fal, rəml və dua mahiyyətli olduğunu heç təsəvvür etməzdim.
Onu da deyim ki, şairlərdən biri 1 manatdan 5-6 şeir də satıb. Bu da yoldaşları ilə aralarında narazılığa səbəb olub. Onlar deyiblər ki, puldan bizə də ver. Belə də insafsızlıq olar; kişi halal şeirini satır, sən də durub deyirsən ki, qazancını mənimlə bölüşdür.
Vicdan haqqı inanmazsınız, bu “reket şairlər” bölgələrdə məmurları da barmaqlarına dolayırlar. Şahidiyəm ki, bir “şair” icra başçısılarından birini Koroğluya, 120 minlik bahalı maşınını da Qırata bənzətmişdi. Əvəzində icra başçısı onun kitabını çap etdirmişdi. Hə, belə şeirbazlar və “şaircik”lər də var. Bu yerdə Kefli İsgəndərin məşhur monoloqu yada düşür: “Tfu sizin üzünüzə, ölülər”.

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!

P.S. Maraqlananlar olsa, növbəti yazılarımda onların bəzilərinin adlarını da çəkəcəm. Əliş dayı demişkən, məzəniz olsun…