Yaranışdan dəniz elə sevgi demək…

Mavi gözlüm, nə donubsan heykəl kimi bu sahildə,
donuqluğun göy Xəzəri darıxdırır…
Heç olmasa bircə kəlmə danış dəli dalğalarla,
bu susqunluq dalğaları kükrəməkdən karıxdırır…

Xəzri qara tellərinlə öpüşdükcə, coşur dəniz,
qisas deyil, sevgidəndir sevənlərin küsüşməsi…
Təbiətin əsəridir bu gözəllik, bu işvə-naz:
dalğalarla sahillərin bir-birini qucaqlayıb sevişməsi…

Mavi gözlüm, fırtınadan öncə susub, donar dəniz,
dilə tutub yola salar dalğaları uzaqlara…
Ürəklənər qağayılar… qiyyə çəkib qanad çalar,
qanad çalıb tumar çəkər göy sulara…

Yaranışdan dəniz elə sevgi demək, bilirsənmi?
sev dənizi, sev dənizi ki, arzuna tez çatasan…
Belə sakit duruşundan bilirəm ki,
sən özün də dəniz boyda fırtınasan…

Belə qəmgin, belə ürkək, belə donuq baxışlardan,
bəzən özün gülümsəyib diksinirsən uşaq kimi.
Söylə hansı rüzgar çəkib atdı səni bu sahilə,
kükrə, danış, bir az da əs rüzgar kimi…