Şəmşad AĞA (Ağayev Şəmşad İslam oğlu 1982-ci il Lerik rayonunda) doğulub.2003-2007-ci ilərdə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Unudulanlar”, “Şəkillərin alın yazısı” kitablarının müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Sadiq Elyerin “Duzlu kofe” adlı bir hekayəsi var. Postmodern düşüncə aşılayan hekayədə bir sıra maraqlı məqamlar var ki, çağdaş dünyada gedən proseslərlə yaxından səsləşir. Hələ deyərdim ki, bu hekayədəki maraqlı məqamları çağdaş dünyanın dəyişən düzənində baş verənlərən ayrı təsəvvür etmək olmur. Çünki bugünkü dünya siyasətinin bütün sahələrindəki siyasi gedişlər – iqtisadi, mədəni, siyasi, geostrateji və s. sanki bir növ hansısa alt yapıda hazırlanır, əvvəlcə bir o qədər də ciddi qarşılanmır, lakin gözlənilməz sonluqla nəticələnir. Ola bilər ki, müqayisəm kimlərəsə gülməli görünə bilər. Olsun.
Hekayəyə nəzər salaq. Əsərdə belə bir epizod var və demək olar ki, hekayə bu xətt üzrə də inkişaf edir. Əsərin qəhrəmanı olan bir gənc heç də uzaq olmayan bir məkanda – Bakıda kafelərin birinə girir. O, burada çalışan ofisiant xanıma əcnəbi dilində müraciət edərək menyuda olmayan yeni bir içki – “duzlu kofe” sifariş verir:
“- Mum kun sadur duzl kofe istadi m!
Mən, kəlmələri bacardığım qədər sındıraraq, xanımın çətin anlaya biləcəyi bir ləhcəylə sifarişimi səsləndirdim.
Xanım gülməyini güclə boğaraq soruşdu:
– Nəə?
Mən, sifarişımi bu dəfə güya bir az anlaşıqlı tərzdə təkrar etdim:
– Mumkun sadur duzl u kofe is tadim m !
Xanım gülə-gülə, həm də üzünü barın arxasından bizə baxan iş yoldaşlarına tutaraq, səhvimi düzəldirmiş kimi, soruşdu:
– Duz?! Bəlkə buz demək istəyirsiniz? Buzlu kofe, hə?
Mən kafedə olan hər kəsin rahatca eşidə biləcəyi qədər səsimə ton verərək:
– Yok-yok, noo… duz li… raşn… sol.. duz-duz.. duzli kofe. Çok?, – deyə sifarişimi bir də, həm də əlavələrlə təkrar etdim.
Xidmətci xanım iş yoldaşlarının yanına qayıtdı və onlar bu hadisəyə xeyli güldülər. İlk dəfə idi ki, duzlu kofe sifariş edən adam görürdülər. Müştərilər də bu arada gülmək məsələsində kafe işçiləri ilə həmrəy olmuşdular. Bu günə qədər kofenin duzla içilə bildiyini heç yerdə harda eşitmədikləri üçün bunu eşitmək, onlara çox əyləncəli gəlirdi. Kofe aləmində belə bir sintezin olduguna heç televiziya verilişlərində də, filmlərdə də, kitablarda da rast gəlməmişdilər. Hər kəs mənim kimliyimin tapmaca oyununa başlamışdı artıq.
Mən isə sakitcə siqaret sümürüb, alışqan oynatmaqla sifarişimi gözləməkdəydim.
Bu arada üzümü bara tutub:
– lümon-lümon… yakşi?, – deyə sifarişimə bir çeşid də əlavə etdim. Mənə qulluq edən xanım:
– Yakşi-yakşi!, – dedi və bütün kafe əhli yenidən gülməyə başladı”.
Beləliklə, gənc öz sifarişini bir neçə dəfə təkrar edir. Bütün kafedəkilər bu qəribə qonaqdan və onun menyuda olmayan sifarişindən şoka düşürlər. Çünki ilk dəfə idi ki, onların məkanına belə bir qəribə sifariş gəlmiş, hətta kafenin bütün mətbəxini alt-üst edib menyuya da müdaxilə etmişdi. Ona görə də, kafedə işləyənlər öz aralarında bu qəribə qonaqdan və onun sifarişindən danışırdı. Qonaq isə heç nə olmamış kimi, öz işində idi.
Bir neçə dəqiqədən sonra demək olar ki, kafedə ab-hava dəyişir və bir xanım da bu qəribə sifarişi təkrar edir. Deməli, bu, ilk sillə dəyir. Daha sonra yaxındakı cütlük də bunun zarafat olmadığını görüb sifarişə qoşulur. Bir azdan sifarişə qoşulanları sayı çoxalır… Böyük çapda götürsək, onlar, yüzlər, minlər, milyonlar…
Qərbli qonaq sifarişini kafenin menyusuna etdikdən sonra isə təmiz ana dilində kafedəki xanıma müraciət edərək hesabı soruşur. Bu isə ikinci sillə idi. Kafenin dışında isə “duzlu kofe”nin icad olunduğu məkan ətrafında müzakirələr gedir və “Duzlu kofe” yavaş-yavaş bütün kafeni, əslində, çayxananı işğal etməyə başlayır – silahsız, filansız. Məncə, bu qədər yetər. Bir az da dünyanın çağdaş siyasi düzənindən.
Ərəb dünyasında da “duzlu kofe” – inqilab bu şəkildə həyata keçirildi. İlk günlər ərəblər şeyxləri bunu sözün əsl mənasında, gülüşlə qarşıladılar. Ancaq sifarişçilər, dünyanın düzənini dəyişənlər öz iddiasında qətiyyətli idi. Əslində, ərəblər öz siyası mətbəxində belə bir sifarişi gözləmirdilər. Halbuki sifariş verilmişdi. Təbii ki, buna dirənişlər də oldu. Bu isə sifarişçinin yox, mətbəxin sahibinin aqressiyasının nəticəsi idi. Sifarişçi isə dirənişlərə baxmayaraq, kefini pozmadan işinin başında idi.
Ərəb kafesində əvvəlcə Bin Əli, Hüsnü Mübarək, sonra Saleh, Qəddafi, sonra da Bəşər Əsəd bu sifarişin qurbanı oldu, yəni bir növ onlar da sifarişə qoşuldular. Beləliklə, ərəb dünyasının siyasi menyusu dəyişdi və hələ də sifarişçilərin sayı artır. Amma bu kofe daha çox müştərilərin ürəyini bulandırdı… Eynən “Duzlu kofe”də olduğu kimi. Müqayisəyə bax e…/20.05.11