“Türk Dünyası İnfo” İctimai Birliyi (TDİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mustafa Kamal Atatürkün Azərbaycan siyasəti haqqında tədqiqatlar və nəşrlər” mövzusunda layihə çərçivəsində Türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı araşdırma işlərini başa çatdırıb.
Bu araşdırmaların nəticəsi olaraq, layihədə nəzərdə tutlduğu kimi, “Atatürkün Azərbaycan siyasəti” adlı kitab “QHT nəşriyyatı”nda nəşr olunmuşdur.
Prof.Dr. Nizami Cəfərovun və Prof.Dr Mehmet Akif Turalın həmmüəllif olduğu bu kitabda Türk Dünyasının böyük oğlu – Türkiyə Cümhuriyyətinin banisi Qazi Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı yürütmüş olduğu siyasətin əsas mahiyyətini sərgiləyən rəsmi fikir və düşüncələri, yazışmaları və digər münasibətləri əks etdirən tarixi-siyasi xarakterli materiallar yer almışdır. Konkret olaraq, bu nəşr vasitəsi ilə çağdaş Türkiyəni quran, ilk və ən çətin illərində yönəldən Mustafa Kamal Atatürkün Cümhuriyyət quruculuğu dövrlərində Azərbaycana yönəlik siyasətinin əsas məqamları sənədlərin dili ilə yığcam şəkildə gənc nəsilə və geniş oxucu kütləsinə çatırılır.
Sözügedən layihənin rəhbəri Dəyanət Osmanlı, nəşrin redaktoru Şahyəddin Əliyevdir.

http://www.dgtyb.org/news/1948.html