KutsalRamadanBayram

İslam aləmi tərəfindən hər il böyük şövqlə gözlənilən mübarək Ramazanı Rəbbimizin izni ilə bir daha dərk edirik. Özünə xas mənəviyyatı, qəlblərə sevinc və rahatlıq verən ruhu ilə İslam aləmi üçün böyük əhəmiyyəti olan Ramazan ayında müsəlmanlar olaraq bir-birimizi sevgi və həmrəyliklə qucaqlayacaq, birlikdə oruc ibadətimizi yerinə yetirəcəyik.

İnsanları qaranlıqlardan nura, Rəhman və Rəhim olan Rəbbimizn yoluna aparan, müsəlmanlara hidayət, müjdə, nəsihət və xatırlatma olan Qurani-kərimin endirildiyi Ramazan ayında “min aydan daha xeyirli olan” Qədr gecəsi olduğundan bütün müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, bu müqəddəs ayın möminlərin bir araya gəlməsi və aralarındakı bağlılığın artmasına səbəb olması baxımından da önəmlidir. Çünki yardımlaşma, qardaşlıq və həmrəylik ruhu hər Ramazanda daha da möhkəmlənir, iftar, sahur, gecə namazlarında bir araya gələn möminlər sevgi və məhəbbətlə bir-birini qucaqlayırlar.

Bütün İslam aləminə şəfa və hüzur gətirən, hər günü ayrı bir bayram havasında keçən Ramazan ayı Allahın rizasını qazanmaq üçün gözəl fürsətdir. Belə ki, Peyğəmbərimiz (səv) bir hədisində iman gətirənləri “Bu ayı oruc tutaraq, ibadət edərək və xeyir işlər görərək keçirənlər necə də xoşbəxtdir”! deyə müjdələyir, Ramazan ayını ibadətlə keçirməyin Allah Qatındakı dəyərini onlara xatırladır. Ramazan ayında tutulan oruc və ay ərzində yerinə yetirilən bütün ibadətlər möminlərə mənəvi mənada böyük töhfə verir, nəfslərini tərbiyə edir, əxlaqlarını gözəlləşdirir. Möminlər oruc tutaraq ən başda nəfslərinə nəzarət etməyi, nəfsin istəklərini tənzimləməyi öyrənirlər. Digər tərəfdən, Ramazan ayı boyu pis əxlaqdan- gözəl olmayan söz deməkdən, qeybət etməkdən, yalan danışmaqdan, insanların qəlbini qırmaqdan, hirslənməkdən, təvəkkülsüzlük etməkdən çəkinir və daim gözəl əxlaq göstərməyə çalışırlar. Aclıq çəkən yoxsul insanların halından daha yaxşı anlayır, onların yardıma möhtac olduqlarını xatırlayır, imkanları daxilində onlara yardım etməyin əhəmiyyətini və vacibliyini dərk edirlər. Beləliklə, Ramazan ayı insan ruhundakı bir çox çatışmazlığın aradan qaldırılması baxımından müstəsna aydır.

Ramazan bu yönü ilə nəfsin oyun və istəklərinin güclü Allah qorxusu və dərin mənəviyyatla asanlıqla dəf edə bilməyin sübutudur. Allaha səmimi qəlblə yönələrək bir ay boyunca oruc tutan və xeyir işlər görən möminlər Allahın hökmlərini yerinə yetirmədəki qətiyyətlərini, Allaha bağlılıq və gözəl əxlaqlarını da faktiki olaraq göstərmiş olurlar.

Şübhəsiz ki, Ramazan ayında əldə edilən bu mənəvi şüurun, nəfsi tərbiyə sahəsindəki qətiyyətin və şüur açıqlığının, gözəl əxlaqda Allahı zikr etmədə, duada göstərilən diqqət Ramazanın başa çatması ilə birlikdə azalmamalıdır. Vicdanlı mömin Ramazan ayında nümayiş etdirdiyi gözəl əxlaqı həyatının hər anında yaşayar, pisliklərdən bütün həyatı boyu çəkinər, hər an vicdanının səsini dinləyər, Allah rizası üçün cəhd edər, yalnız Allaha üz tutub yönələr. Təkcə Ramazan ayında ibadət edib, daha sonra Quran əxlaqından uzaqlaşmaq əlbəttə ki, Allahın insanlara qadağan etdiyi və gözəl əxlaqa uyğun olmayan davranış tərzidir.

Arzumuz odur ki, on bir ayın sultanı Ramazan xeyirlərə vəsilə olsun, bütün müsəlmanlara əmin-amanlıq və bərəkət gətirsin. Tutulan oruclar, yerinə yetirilən ibadətlər Rəbbimiz tərəfindən qəbul olunsun, dünyanın hər yerində təzyiq görən, qanlı hücumlara məruz qalan və zülm altında həyatda qalma mübarizəsi aparan din qardaşlarımız sülh dolu günlərə qovuşsun. Arzumuz odur ki, bu mübarək ayda dinimizin sülh və qardaşlıq dini olduğu xatırlansın, möminlər arasındakı ayrılıqlar və incikliklər bir kənara qoyulsun, fərqliliklərin yol açdığı məsafələr, münaqişələr aradan qalxsın, bütün dünya müsəlmanları qardaş kimi bir-birini qucaqlasın.