tm

Ayazdan, şaxtadan, çovğundan sonra,
Səmada doğulan bir günəş kimi,
Ətalət, sükutdan, durğundan sonra
Ruhum alov saçan bir atəş kimi,
Qəlblərə nur kimi axacam, deyir!

Doludan, leysandan, yağışdan sonra
Səmada iz qoyan göyqurşağıtək,
Dünyaya bir təzə baxışdan sonra
Könlüm də, Ruhum da haqqaşığıtək,
Pislik, istibdadı yıxacam, deyir!

Özünə qapılan qəfəsdən sonra
Nəğmələr söyləyən bir qarğı kimi,
Aldığı ikinci nəfəsdən sonra
Qıy vurub yüksələn bir qırğı kimi,
Əlyetməz zirvəyə çıxacam, deyir!

23. 10. 2016