dgtyb2

DGTYB-nin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı görüşü” adlı layihə çərçivəsində, dekabrın 10-da Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Şeir Axşamı” keçiriləcək (Qeydiyyat: s.16.00, açılış: s.17.00). “Şeir Axşamı”nda bölgələrdən gəlmiş gənc şairlər öz şeirlərini oxuyacaq vəmünsiflər heyətinin müəyyənləşdirəcəyi 3 nəfər ödülləndiriləcək. “Münsifər heyəti”nə Rəşad Məcid (AYB Gənclər katibi, “525-ci qəzet”in baş redaktoru), İbrahim İlyaslı (Sumqayıtdakı Əli Kərim adına Poeziya Evinin direktoru), Dəyanət Osmanlı (Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru), Rüstəm Kamal (BSU Yaradıcılıq fakültəsinin dekanı), Qulu Ağsəs (“Ulduz” dərgisinin baş redaktor müavini), Ramiz Qusarçaylı (Qubadakı “Ay işığı” Ədəbi Məclisinin başçısı), İlqar İlkin (“Birlik” dərgisinin baş redaktoru) daxildir.
“Şeir Axşamı”na DGTYB mənsubları və donor təmsilçiləri ilə yanaşı şairlər, yazıçılar, jurnalistlər, QHT nümayəndələri, şeir və kitab dostları dəvətlidir (Giriş sərbəstdir).

***
Bakıya gəlmiş gənc şairlər 11 dekabr, günün birinci yarısında Azərbaycan Yazıçılar Birliyində respublika ədəbiyyat ictimaiyyətinin nümayəndələri və AYB rəhbərliyi ilə, günün ikinci yarısında isə Atatürk Mərkəzində Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovla görüşəcəklər.
Gənc yazarların Bakı Görüşü iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyini və “Güllələnmiş heykəlləri” ziyarət edəcəklər. Gənclərin həmçinin paytaxtdakı muzeylərdə, o cümlədən N.Gəncəvi adına Ədəbiyyat Muzeyində olmaları da nəzərdə tutulub.
Qeyd edək ki,DGTYB bu ilin yayında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı”, eləcə də Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyasında Ədəbiyyat… Ədəbiyyat(ımız)da Türk Dünyası…” layihələrini də həyata keçirib. Artıq başa çatmış bu layihələr çərçivəsində (uyğun olaraq) “NAKAM ŞAİRLƏR” və “TÜRK DÜNYASINDA ƏDƏBİYYAT…” kitabları işıq üzü görüb. Hazırda davam edən “Gənc yazarların Bakı görüşü” layihəsi çərçivəsində isə “ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİ QURUMLARI” adlı tanıtım kitabı hazırlanıb.
Əlaqə tel.: 050 529 28 33, 055 350 32 22, 050 545 68 98, 055 573 11 98; E-mail: dgtyb@box.az, yazar55@rambler.ru

Dövlət Mahnı Teatrının ünvanı: Bakı, R.Behbudov küçəsi -12, AZ1000.